Gündəm Özəl

“Zelenski indiyə qədər niyə rus qazından imtina etməyib?!” — Müharibənin PƏRDƏARXASI

“Zelenski indiyə qədər niyə rus qazından imtina etməyib?!” — Müharibənin PƏRDƏARXASI

Rusiyalı diplomatların Avropa İttifaqı daxilində hərəkəti məhdudlaşdırıla bilər. Bu barədə Çexiya təklif irəli sürüb. Çexiyanın xarici işlər naziri Yan Lipavski Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən əvvəl bildirib ki, bu məsələ bir neçə aydır müzakitə olunur. Onun sözlərinə görə Rumıniya, Polşa, Danimarka, Niderland və Baltikyanı ölkələr bu sanksiyanı dəstəkləyir.

Məsələyə politoloq Əhəd Məmmədli Demokrat.az-a açıqlamasında münasibət bildirib. Onun fikrincə Ukraynada müharibə başlayandan bəri Rusiyaya tətbiq olunan sanksiyalar mahiyyət etibarilə nəticəsiz qalıb:

“Zelenski indiyə qədər niyə rus qazından imtina etməyib?!” — Müharibənin PƏRDƏARXASI

“Rusiyaya qarşı sanksiyalar irəli sürülüb, protokol qaydasına uyğun olaraq addımlar atılır. Rusiya diplomatlarının Aİ daxilində hərəkətinə məhdudiyyət qoyulsa, nə dəyişəcək ki?! Rusiya Ukraynadan çıxacaq, ya nə edəcək?! Sadəcə üzdə görünən mahiyyətsiz tədbirlərdir, uşağın əlinə konfet verib başını aldatmaq kimi... Ukrayna-Rusiya müharibəsində hər iki tərəf çox qeyri-səmimi, hiyləgər və riyakardır. Ukrayna ərazisindən keçən Rusiya qazını hələ də bəzi Avropa ölkələri alır. Rusiya qazından Ukrayna da qazanır, Rusiya özü də. Bugünlərdə Azərbaycanın SOCAR şirkətinə qarşı Ukraynada gedən təbliğata baxmayara Ukrayna özü rus qazını öz ərazisindən nəql edir və bundan gəlir əldə edir. Bu məsələlərdən danışmaq lazımdır. Tərəflər qaz satır, alır, nəql edir və bunlardan qazanır, sonra da guya müharibə şəraitindədirlər, bir-birlərinə sanksiyalar tətbiq edirlər. Müasir dünyanın riyakarlığıdır bu. Hansısa İvan Aİ ölkəsinə gəlsə nə olacaq ki? Və ya bu, İvana lazımdırmı?! Sadəcə bir oyun qurulub və biz bunlardan nəticə çıxarmalıyıq. Yoxsa ki beynəlxalq hüquq, Qərb dəyərləri... Bunlara arxalanmaq lazım deyil. Təəssüf ki, hələ də bu cür nağıllara və nağılbazlara inananlar var, onlardan imdad diləyənlər var, onların gələcəyi təqdirdə Azərbaycanın güllük-gülüstanlıq olacağını düşünənlər var. Biz Putini çox tənqid edirik, ittiham edirik. Bəs, Zelenskini niyə ittiham etmirik?! Niyə o, indiyə qədər rus qazından imtina etməyib. Kursk vilayətinə daxil olub, orada Sudja qaz stansiyası yerləşir, hansı ki oradan Rusiya qazı Avropaya ötürülür. Niyə həmin stansiyanı da məhv etmir?! Hazırda Sudja qaz stansiyası ukraynalıların nəzarəti altındadır. Guya Zelenskinin bundan xəbəri yoxdur?! Yəni hər kəs işini görür, pulunu qazanır. Bir-biri ilə müharibə edən ölkələr bir-birindən mənfəət qazanmağa da fürsət tapır.

Azərbaycan kimi ölkələr də bundan dərs çıxarmalıdır. Dövlət maraqlarını yalnız öz milli strategiyasına uyğun qurmalıdır. Nə Rusiyaya, nə Qərbə, nə ABŞ-yə yönəlməlidir, siyasət Azərbaycanın maraqları üzərində qurulmalıdır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova