Siyasət Özəl

"Sərhəddə təxribatlar törədən özünümüdafiə dəstələridir" — AÇIQLAMA

Sərhəddə təxribatlar törədən özünümüdafiə dəstələridir — AÇIQLAMA

“Son dövrlər Ermənistan silahlı qüvvələri müxtəlif istiqamətlərdə atəşkəsi pozur, sərhəddə təxribatlar törədir. Təxribatlardan əl çəkməyən Ermənistan tərəfindən maraqlı açıqlamalar verilir, faktlar təkzib olunur. Bu onu göstərir ki, Ermənistan ordusunda vahid komandanlıq yoxdur, ali baş komandanın əmrinə baxılmır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Elşad Həsənov deyib. O qeyd edib ki, Ermənistanda özünü müdafiə batalyonları yaradılıb və həmin dəstələr sərhəddə vaxtaşırı təxribatlar törədir:

“Ötən ilin dekabrında Sünikdən Azərbaycan ordusunun mövqeləri atəşə tutuldu, cavab atəşində 4 ermənini məhv etdik. Sonradan məlum oldu ki, onlar özünümüdafiə dəstəsinin üzvləridirlər, aralarında yaşlılar da var. Yəni Ermənistanda belə bir özbaşınalıq hökm sürür. Müdafiə Nazirliyindən isə bildirilir ki, onlar tərəfindən atəş açılmayıb. Bunu mümkün hesab edirəm, ola bilər ki, atəş açan yenə həmin dəstələrdir. Bu dəstələr qeyri-qanuni silahlı birləşmələrdir, Ermənistan dövləti hara baxır? Niyə onların qarşısı alınmır?”

Politoloq onu da qeyd edib ki, birgə monitorinq mərkəzinin yaradılması müzakirə olunur:

“Lakin bunun işə yaracayağını düşünmürəm, çünki Ermənistanda vahid komandanlıq yoxdur.

Ermənistanda sülh müqaviləsinin bağlanmasını əngəlləyən müəyyən məsələlər var, ona görə də təxribatlara əl atır qarşı tərəf. Azərbaycan Ermənistan tərəfinə anında adekvat cavab verir, cavab atəşi ilə qarşı tərəf susdurulur. Görünən odur ki, son dövrlər artan təxribatlar sülh müqaviləsinin bağlanmasını əngəlləyən səbəblərdən biridir. Hesab edirəm ki,bu vəziyyət Ermənistan dövləti tərəfindən təcili nəzarətə götürülməlidir, əks halda Azərbaycanın cavabı daha ağır ola bilər”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova