Gündəm Özəl

AAYDA haqqında yayılanlara aydınlıq gətirdi

AAYDA haqqında yayılanlara aydınlıq gətirdi

Xəbər verdiyimiz kimi, ötən gün tanınmış bloqer Elçin Lənbəranski öz “İnstagram” hesabında Bakının Məhəmmədi kəndində asfaltın qaşınaraq satılması ilə bağlı videogörüntülər yayıb.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən Avtomobil Yolları Dövlət Agentliyinin(AAYDA) mətbuat katibi Anar Nəcəfli yayılan görüntüləri əsassız adlandıraraq təkzib edib:

“Hazırda Bakının Mehdiabad, Digah, Məhəmmədi avtomobil yolunun çatlamış, qabarmış hissələrində, asfalt-beton örtüyündə maneələr var. Onun preslənərək kənara daşınması və asfaltlanması işləri yerinə yetirilir. Bu çərçivədə işlər həyata keçirilir. O ki, qaldı vətəndaşın orada hər hansı bir iddialar səsləndirməsinə, bu əsassızdır. Əgər bununla bağlı hər hansı bir sübutu varsa, aidiyyəti qurumlara müraciət edə bilər. Həmin ərazilər-Məhəmmədi, Digah, Mehdiabad ümumiyyətlə, agentliyin balansında deyil. Sadəcə olaraq, əsas yol agentliyin balansında olduğu üçün həmin yolda cari təmir işləri aparılır. Qəsəbədaxili yollarda hər hansı bir problem varsa, vətəndaşlar yerli icra strukturlarına müraciət edə bilərlər. Çünki bu ərazilər agentliyin balansında olmadığı üçün ya bələdiyyə, ya da İcra Hakimiyyətinin balansında olan yollardır və orada hər hansı bir təmir işlərinin aparılmasına yerli strukturlar cavabdehdir. Qaşınan asfalt isə yenidən emal olunur və müvafiq işlərdə istifadə edilir. Bəzən belə bir praktika da var ki, yerli icra strukturları tərəfindən bizə rəsmi şəkildə müraciət olunur, həmin qaşınmış asfalt onlara təqdim edilir ki, onlar öz balansında olan küçə və yol varsa, bundan istifadə etsinlər. Belə olduqda rəsmi müraciət əsasında həmin qaşınmış asfaltı yerli icra orqanlarına istfadə üçün təhvil veririk”.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova