Sosial Özəl

Diqqət! Kiflənmiş məhsullardan istifadə sinir sisteminə ziyan vura bilər…

Diqqət! Kiflənmiş məhsullardan istifadə sinir sisteminə ziyan vura bilər…

Qida zəhərlənmələri günümüzdə geniş yayılıb. İstifadə müddəti bitmiş, düzgün şəraitdə saxlanılmayan, düzgün bişirilməyən qidalar zəhərlənməyə səbəb ola bilər. Qida zəhərlənməsinin digər bir səbəbi də kiflənmiş ərzaqlardan istifadədir.

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Demokrat.az-a açıqlamasında deyib ki, kiflənmiş qida məhsulları ümumiyyətlə istifadə olunmamalıdır:

“Bura həm çörək, lavaş və digər un məmulatları, həm də meyvə və tərəvəzlər aiddir. Kiflənmiş məhsulları istifadə etdikdə bəzi insanlarda mədədə ağrılar, ürəkbulanma ola bilər. Bir çox hallarda həzm sisteminə bu, ciddi zərər vurur, eyni zamanda da immun sistemini zəiflədir. Bağırsaq mikroflorasını pozmaqla yanaşı ürək və böyrəklərdə də yağlanmaya və başqa ciddi xəstəliklərə səbəb ola bilər. Ona görə də kiflənmiş məhsullardan uzaq olmaq lazımdır.

Bəzən məhsulun kiflənmiş hissəsini atıb qalan hissəsini yeyirlər, bu tamamilə yanlışdır. Çünki xarab məhsulun içində əmələ gələn mikotoksin maddəsi zəhərlənməyə səbəb olur. Bu maddə tez bir zamanda məhsulun hamısına yayılır, gözlə görünməsə belə. Mikotoksinlər qaraciyəri və böyrəkləri sıradan çıxarmaq xüsusiyyətinə malikdir. Onu da vurğulamaq lazımdır ki, kifli məhsullar mərkəzi beyin sisteminə, sinir sisteminə ziyan vura bilər”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az