Psixoloqların, həkimlərin son zamanlarda şəxsi sosial media hesablarında pasiyentlərinin görüntülərini paylaşması geniş yayılıb. Onlar bu addımı işlərinin reklamı ilə əsaslandırırlar. Lakin bu, çox zaman narazılığa səbəb olur, pasiyentlərin şəxsi məlumatlarının üçüncü tərəfə ötürülməsi kimi qəbul edilir. Demokrat.azxəbər verir ki, mövzu ilə bağlı report-a açıqlama verən psixoloq, psixoterapevt Elmir Əkbər bildirib ki, bu halların yaşanması çox böyük cinayət və biabırçılıqdır: “Mənə verilişlərdə deyirlər ki, şəxsin adını çəkmədən təcrübəmdə baş vermiş hadisələrdən nümunə göstərim. Mən bunu etmirəm. Çünki həmin adam anlamasa da, başqa biri baxıb narahat ola bilər ki, bəlkə məni deyir, mənim həyatımı müzakirə edir. Seansın istər mütəxəssis, istərsə də pasiyent tərəfindən yazılması, paylaşılması yolverilməzdir. Çünki bəzən psixoterapiya seansında elə məqamlar olur ki, onu başqa ruh halında anlamaq mümkün olmur. Hadisəni yaşayan adam belə, bir neçə ay sonra dediklərini həmin andakı kimi analiz edə bilmir". Onun fikrincə, deontologiyanı bilmək üçün Qərbdən nümunə götürmək lazımdır:


“Nəzərə almaq lazımdır ki, bəzi insanlar psixoloqa hər kəsdən xəbərsiz gəlirlər. Onların paylaşılan görüntüləri, səsləri çevrəsi tərəfindən aşkarlanarsa, pasiyentin şəxsi həyatı üçün problemlər yarada bilər. Hər şeydən əlavə, bu, birbaşa insanın şəxsi həyatına müdaxilə və anonimlik hüququnun tapdalanmasıdır. Psixoloq ilə ona müraciət edən şəxs arasındakı görüş mütləq gizli qalmalıdır. Psixologiyanın etik kodekslərində sözügedən qayda öz əksini tapıb”. Psixoloq bu məsələ ilə bağlı uşaqların xüsusilə diqqət mərkəzində saxlanılmasını vurğulayıb: “Bəzən valideyn çəkilişə icazə verir. Sosial mediada musiqi fonunda, uşaqların üzünün gizlədildiyi paylaşımlar ilə qarşılaşırıq. Bu tip görüntülər mütləq valideyn icazəsi ilə paylaşılmalıdır. Əks halda, uşaqların gələcək reputasiyasına mənfi təsir göstərə bilər. Lakin mən valideynlərə çəkilişə icazə verməməsini məsləhət görürəm. Bəlkə övladı özünü dərk edəndən sonra həmin görüntülərdən utanacaq. Yaxud başqa səbəblərdən görüntülərin varlığı onu narahat edəcək”. Sosioloq Lalə Mehralı isə qeyd edib ki, psixoloqlar bu mövzu ilə əlaqədar ciddi şəkildə cəzalandırılmalıdır:

“Bu, son illərin xəstəliyidir. Peşəsindən asılı olmayaraq hamı gördüyü işi reklam edir. Bunu ən çox psixoloq, ginekoloq, loqopedlər edir. Pasiyentlərinin öncəki və sonrakı halını qarşılaşdırıb paylaşmaq onların işlərinin reklamı hesab olunur. Reklam etmək və etdirmək hamının təbii haqqıdır. Amma bu haqqı istifadə edərkən pasiyentin özəlinə müdaxilə olunmamalıdır. İnsanlar psixoloqa ən məhrəm mövzularını danışır. Onların məhrəmiyyətinə müdaxilə olunduğu hallarda həmin psixoloqlar qanun qarşısında cavab verməlidirlər. Bəlkə, o zaman həmin şəxslər hədlərinin harda bitdiyinin, pasiyentlərinin sərhədinin harada başladığının fərqində olar”. Bakı Dövlət Universitetinin professoru, əməkdar jurnalist və hüquqşünas Allahverdi Məmmədli məsələyə hüquqi cəhətdən aydınlıq gətirib. O bildirib ki, insanların şəxsi toxunulmazlıq hüququnun pozulması yolverilməzdir:

“Azərbaycan Konstitusiyanın 32-ci maddəsinə əsasən, insanların şəxsi toxunulmazlıq hüququ var. Əgər hansısa psixoloq pasiyentin xəbəri olmadan onun görüntülərini paylaşırsa, həmin şəxs psixoloqu məhkəməyə verə bilər. Psixoloqlar, ümumiyyətlə, pasiyenti barədə hər hansı doğru informasiyanı belə yaymamalıdırlar. Çünki onun işgüzar nüfuzuna xələl gələ bilər. Yaxud uşaqların psixoloq seansı zamanı sırf o uşaqdır deyə, iş həyatı, özəl həyatı yoxdur düşüncəsi ilə paylaşmaq da qətiyyən olmaz. Valideyn belə olduğu təqdirdə ailə həyatına müdaxiləyə görə şikayət etməlidir. Bu halda psixoloqa cərimə tətbiq oluna bilər. Daha ağır halda isə həbs cəzası veriləcək”. Hüquqşünas əlavə edib ki, psixoloq paylaşım etdiyi təqdirdə pasiyentin səsi dəyişdirilməlidir, görüntüsü bulanıqlaşdırılmalıdır, ümumiyyətlə, şəxsin müəyyənləşdirilməsi məhdudlaşdırılmalıdır. Bu halda psixoloqu heç kim sözü gedən maddələrə əsasən günahlandıra bilməz.


