“Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələdə mürəkkəb olan məqamlar var. Rusiyanın bu məsələyə əsas yanaşması, üç tərəfli bəyanatın maddələrinə uyğun həll olunmasıdır”.
Bu sözləri Demokrat.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
O bildirib ki, Ermənistan üç tərəfli bəyanatdan imtina edir:
“Ermənistan hakimiyyəti separatçı erməni qüvvələrinin qorunmasında maraqlıdır. Bu da həmin bəyanatın inkar olunması mənasına gəlir. Ona görə də bu təzadlı məqam prosesi bir qədər ləngidir. Azərbaycan isə bütün variantlarda Zəngəzur dəhlizinin açılması və həm də sərbəst şəkildə Azərbaycanın bütün imkanları ilə bu məsələnin müəyyən dərəcədə sərbəst hərəkət traektoriyasına uyğunlaşmasını istəyir. Bu kimi məsələlərdə bir az razılıq əldə olunması gecikir.
Təbii ki, Rusiyanın Ukrayna ilə müharibəsi Cənubi Qafqaza da öz təsirini göstərir. Amma hadisələrin gedişi nə dərəcədə gərgin vəziyyətin yaranmasına yönəldəcəyini demək çətindir. Hər halda Azərbaycan bölgədə müəyyən müharibə riskinin azalmasına çalışır. Ona görə də Ermənistanla sülh müqaviləsinin bağlanmasını düşünürük.
Zəngəzur dəhlizi məsələsi də məhz bu konteksdə sülh danışıqlarının predmeti olmaqdan çıxdı. Bu məsələnin daha tez həlli düşünülməyə başladı. Ona görə də bu məsələlər ətrafında ciddi şəkildə yenə də düşünməliyik və öz fəaliyyət zonamızı genişləndirməliyik. Çünki bizim təşəbbüskarlığımızdan çox şey aslı olacaq. Biz bütün hallarda bölgədə müharibə riskinin yenidən güclənməsinə imkan verməməliyik. Bizim əsas hədəfimiz budur”.
Mehriban Mirzəzadə Demokrat.az


