Sosial Özəl

“Bəzi tullantılar meşələrdə yanğın riskini artırır” — XƏBƏRDARLIQ

“Bəzi tullantılar meşələrdə yanğın riskini artırır” — XƏBƏRDARLIQ

Avqustun 22-23-də respublikanın bəzi bölgələrində havalar isti keçəcək. Milli Hidrometeorologiya Xidməti bu barədə məlumat verib. Xidmət rəisi Nazim Mahmudov bildirib ki, isti hava şəraitində, əsasən də meşə ərazilərində yanğın baş verməsi ehtimalı artır.

N.Mahmudov xidmət tərəfindən respublika ərazisində yanğına həssas bölgələrin yanğın indeksinin mütəmadi olaraq hazırlandığını da açıqlayıb:

"Gəncə-Qazax bölgəsində Gəncə, Tovuz, Şəmkir, Tərtərdə yüksək, Ağstafa, Naftalan, Ağdamda isə çox yüksək, Quba-Xaçmaz bölgəsi üzrə Quba, Qusarda yüksək, Şabranda isə çox yüksək, Dağlıq Şirvan bölgəsində İsmayıllı, Qobustanda çox yüksək, Lənkəran-Astara bölgəsində Yardımlı, Astarada isə yüksək yanğın təhlükəsi müəyyən edilib".

Məsələyə ekoloq Rövşən Abbasov Demokrat.az-a açıqlamasında münasibət bildirib.

Onun sözlərinə görə, təbiətdə, xüsusən sıx meşə və ot örtüyü olan yerlərdə yanğın təhlükəsizliyi qaydalarına əməl etmək olduqca vacibdir:

“İnsanların turistik zonalarda, təbiət qoynunda, istirahət məkanlarında laqeyd davranışlarına rast gəlirik.

Təəssüflər olsun ki, müxtəlif tullantılar meşələrə atılır, bəzi məsuliyyətsiz hərəkətlər təbiətə ziyan vurur, yanğınlara səbəb olur.

Bəzi əşyalar var ki, meşələrə atıldıqda günəş istiliyinin təsirinə məruz qalaraq yanğınların baş verməsi riskini artırır. Təbiəti qorumaq hər birimizin borcudur. Bu mövzuda həssaslığı artırmaq üçün geniş maarifləndirmə işlərinə ehtiyac var.

Düşünürəm ki, cərimələrlə, müxtəlif inzibati yollarla bunun qarşısını almaq mümkün deyil. Çünki hər yerdə nəzarəti həyata keçirmək mümkünsüzdür, insanlar uzaq regionlara, meşələrə, dağlara gedirlər, nəzarəsizlikdən istifadə edib istədikləri kimi davranır, ətraf-mühitə ziyan vururlar. Hər kəs anlamalıdır ki, ekologiyaya vurulan ziyan birbaşa insan sağlamlığına təsir edir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova