Gündəm Özəl

“Qatarların keçdiyi ərazilərdə insanlar diqqətli olmalıdırlar” — AÇIQLAMA

“Qatarların keçdiyi ərazilərdə insanlar diqqətli olmalıdırlar” — AÇIQLAMA

Xəbər verdiyimiz kimi, dünən günorta saatlarında "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus teplovoz Keşlə-Biləcəri sahəsində hərəkətdə olarkən ortayaşlı bir nəfər dəmir yolunu qadağan olunmuş yerdən keçməyə cəhd edərək qəfil qatarın qarşısına çıxıb.

Məlumata görə, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub:

"Hadisə nəticəsində həmin şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb, stansiya əməkdaşları tərəfindən əraziyə dərhal təcili tibbi yardım briqadası çağırılıb".

ADY bir daha insanları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırıb:

“Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır",- deyə məlumatda qeyd edilib.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq vətəndaşlar yollarda təhlükəsizlik qaydalarını pozaraq öz həyatlarını riskə atırlar.

Məsələyə nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlamasında münasibət bildirib.

Onun sözlərinə görə istər dəmir yolu olsun, istər avtomobil yolu, fərqi yoxdur, yollarda təhlükəsizlik məsafəsi var:

“Bu məsafənin gözlənilməsi mütləqdir. Düzdür, son zamanlar nəqliyyat infrastrukturunda, xüsusən də Bakı-Sumqayıt elektrik qatarının hər iki istiqaməti və hər iki hərəkət yolu üzrə qatarlarda müəyyən qrafikə əsasən yenidənqurma işləri aparıldı. Hərəkət zolaqları kifayət qədər mühafizə olunur, lakin bu, digər şəhəriçi ərazilərə və yaxud tikinti sahələrindəki ərazilərə aid deyil.

Digər tərəfdən dəmir yolundan söhbət gedirsə, bu gün qatarların keçdiyi ərazilərdə insanlar öz həyat və sağlamlıqlarının qeydinə qalmalıdırlar. Mühafizə işinin yüksək səviyyədə təşkil olunmasının tərəfdarıyıq, amma insanlar da təhlükəsizlik məsələlərinə biganə yanaşmamalıdırlar.

Dəmir yolu xətlərinin mövcud olduğu ərazilərdə yaşayan insanlar qatarların nə vaxt gəlib getdiyini bilirlər.

Diqqətli olmaq artıq həyat tərzinə çevrilməlidir, hər kəs təhlükəsizliyi naminə belə məqamlara diqqət etməlidir. Bəzi ərazilər mühafizə olunmayıb, belə yerlərdə insanların üzərinə daha böyük məsuliyyət düşür”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova