Daxili siyasət Özəl

YAP-ın deputatlığa namizədi: “Sabah o, media ilə işləyəcək, hansısa bir prinsipi müdafiə edəcək...”

YAP-ın deputatlığa namizədi: “Sabah o, media ilə işləyəcək, hansısa bir prinsipi müdafiə edəcək...”

"Mənim Səsim" Seçki Monitorinq Koalisiyası (SMK) sentyabrın 1-də keçiriləcək parlament seçkilərinə dair aralıq hesabatını təqdim edib. Hesabatda bir sıra faktlar, statistik məlumatlar əksini tapıb. Həmçinin deputatlığa namizədlərin əksəriyyətinin işsiz olduğu, hətta bu günə qədər heç bir siyasi fəaliyyətinin olmadığı ortaya çıxıb.

VI Çağırış Milli Məclisin deputatı Aydın Mirzəzadənin fikrincə, deputatlığa namizədin siyasi fəaliyyətinin olması bir o qədər vacib deyil.

Budəfəki parlament seçkilərində deputatlığa namiz olan Aydın Mirzəyev Demokrat.az-a açıqlamasında deyib ki, nə Konstitusiyada, nə də dünya praktikasında belə bir şərt var:

“Azərbaycanda da parlament deputatı seçilənə qədər hər hansı bir şəxsin siyasi fəaliyyətlə məşğul olmadığına dair faktlar var. Ancaq deputatlığa namizəd bilməlidir ki, deputatlıq həm də siyasi fəaliyyətdir. Sabah o, dövlətin maraqlarını müdafiə edəcək və buna görə də doğru siyasi mövqedə yerini tapmalıdır.

Bilməlidir ki, sabah o, media ilə işləyəcək, insanların problemlərini hökumət qarşısında qaldıracaq, hansısa bir prinsipi müdafiə edəcək. Buna görə də deputatlığa namizəd özünü siyasi fəaliyyətə hazırlamalıdır.

Bilməlidir ki, onu bu və ya digər bir peşə sahibi olduğuna, seçildiyi dairədə yüksək nüfuza sahib olduğuna və yaxud da çox səs topladığına görə deyil, sabah hansısa bir siyasi xətti müdafiə edəcəyinə görə dəstəkləyirlər.

Siyasətçinin artıq mövqeyi var, cəmiyyət tərəfindən tanınır, amma gənclər, siyasətdən kənar sahədə çalışıb bu gün deputat kimi özünü təsdiq etmək istəyən şəxslər siyasətə, siyasi mövqelərini müdafiə etməyə hazır olmalıdırlar.

İlk növbədə Azərbaycan dövlətinin milli maraqlarının qorunması deputatlığa namizəd şəxsin fəaliyyətinin əsasını təşkil etməlidir. Seçici kifayət qədər ayıqdır, diqqətlidir, seçdiyi şəxsin fəaliyyətini mütəmadi olaraq izləyir və sabah ona fəaliyyətinə, o cümlədən siyasi mövqeyinə görə qiymət verəcək”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az