Sabirabad rayonunda 1976-cı il təvəllüdlü Bəhram şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qeyri-rəsmi münasibətdə olduğu Səliməyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 15-də Sabirabad rayonunun kəndində baş verib.
Bəhram yaşadığı evdə qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Səlimə ilə qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı yumruq zərbələri ilə onu vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Bəhramın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhram ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, ilk evliliyi 1996-cı ildə olub, 2002-ci ildə həyat yoldaşı vəfat etdib, hazırda 2 övladı var:
“Zərərçəkmiş Səliməni təxminən hadisədən 20-25 gün əvvəl olar tanımışam. Həmin ərəfədə Bakı şəhərində olarkən Səlimə ilə tanış olmuşam. Tanışlıq zamanı onunla münasibətlərimiz uyğun gəldi. Ona təklif etdim ki, kənddə tək qoca anam ilə yaşayıram, evlənib bir yerdə yaşayaq. Səlimə mənim təklifim ilə razılaşdı. Onunla kənddəki evimizə gəldim. Anam da bizim ailə qurmağımıza etiraz etmədi. Biz qeyri-rəsmi ər-arvad münasibətlərində mehriban yaşamağa başladıq”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 15 noyabr 2023-cü ildə, saat 18 radələrində evdə Səlimə namaz ibadətini edərkən mobil telefonuna zəng gəlib:
“Telefonuna özüm cavab verdim. Yad bir kişi Səliməni soruşdu. Əsəbləşərək telefonda həmin şəxslə mübahisə etdim və Səlimənin həyat yoldaşı olduğumu dedim. Bundan sonra bərk əsəbləşərək Səlimədən həmin şəxsin kimliyini, nə səbəbə onu soruşduğunu dedim. Səlimə isə həmin adamın bacımın evində kirayə qalmasını, lakin niyə zəng etməsini bilmədiyini dedi. Buna baxmayaraq əsəblərim sakitləşmədi.
Aramızda mübahisə yarandı. Şillə və yumruqla Səlimənin sifətinə vuraraq onu döyməyə başladım. Bizim səsimizə anam gəldi və məni sakitləşdirdi. Bundan sonra Səlimənin köhnə nömrəsini telefonun üzərindən çıxararaq sındırdım, telefonunu da alaraq evə qoydum.
Bundan sonra evdə sakitlik yarandı. Həmin axşam Səlimə mənə səhər bazara gedərək bəzi əşyalar almağı dedi. Ertəsi günü səhər duraraq evdən çıxdım və bazara getdim. Evə qayıtdıqdan sonra Səlimənin xəbərsiz evdən çıxaraq getdiyini gördüm, əşyaları isə evdə qalmışdı. Sonradan məlum oldu ki Səlimə haqqımda 102 xidmətinə və rayon polis şöbəsinə şikayət verib”.
İş üzrə zərərçəkmiş Səlimənin sözlərinə görə, Bəhram ilə 2023-cü ilin oktyabrın 23-də Bakı şəhərində tanış olub, onunla ailə qurmaq qərarı verib və 2 gün sonra onun yaşadığı Sabirabad rayonunun kəndinə gəliblər:
“Həmin evdə yaşayan Bəhramın anası da məni çox mehribanlıqla qəbul etdi. Biz qeyri-rəsmi ər-arvad münasibətlərində çox mehriban yaşamağa başladıq. 15 noyabr 2023-cü ildə, axşam saat 18 radələrində Abşeron rayonunda olan bir nəfər kişi keçmiş iş yoldaşım mənim telefonuma zəng etdi. Mən namaz qıldığım üçün cavab verə bilmədim.
Telefona Bəhram cavab verdi. Bəhram telefonda kişi səsini eşidərək əsəbləşdi, ona kobud cavab verdi”.
Zərərçəkmiş qeyd edib ki, daha sonra Bəhram onun üzərinə gəlib, həmin kişinin kimliyini soruşub:
“Mən həmin kişinin keçmiş işçi yoldaşım olmasını, ola bilsin nə isə soruşmaq üçün zəng etdiyini izah etməyə çalışdım. Lakin Bəhramın hirsi soyumadı, mübahisə etməyə başladı.
Yumruqla sifətinə, hər iki gözünün altına və burnunun üstünə zərbələr vuraraq məni döydü. Mən üz-gözümdən xəsarət aldım. Bu zaman Bəhramın anası öz otağından eşidərək gəldi və oğlunu sakitləşdirməyə çalışdı. Məni vuraraq döydükdən sonra Bəhram biraz sakitləşdi.
Gecəni orada qaldım, ertəsi günü səhər Bəhram evdən çıxdıqdan sonra mən də evdən çıxaraq Abşeron rayonuna getdim. Düşündüm ki, artıq Bəhramla qala bilmərəm, onun aqressiv olmasından, tez-tez məni döyəcəyindən qorxdum. Ona görə də 102 xidmətinə, sonra da rayon polis şöbəsinə məlumat verdim”.
Bu cinayət işinə Sabirabad Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Bəhram 5 ay 28 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təyin edilmiş cəza müddəti ərzində təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub.
Fariz Məlikli Demokrat.az


