Ali məktəblərə ixtisas seçimi prosesini başa vuran abituriyentlər səbirsizliklə hansı universitetə və ixtisasa qəbul olunacaqlarını gözləyirlər. İmtahanda yüksək bal toplayanların əksəriyyəti ali təhsil almaq üçün paytaxtdakı universitetləri seçir. Bölgələrdən oxumaq üçün paytaxta üz tutanlar da kifayət qədərdir, halbuki digər böyük şəhərlərdə də universitetlər və ya universitetlərin filialları var.
Təhsil eksperti Elşən Qafarov Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirib.
O, gənclərin ali məktəb seçiminə bir sıra amillərin təsir etdiyini deyib:
“Təhsil almaq üçün böyük şəhərlərə üz tutanların sayı daha çoxdur. Düşünürəm ki, bu, daha çox sosiallaşma ilə bağlıdır. Böyük şəhərlər sürətlə inkişaf edir, burada mühit də fərqlidir, iş imkanları çoxdur, gələcəkdə karyera qurmaq üçün əlverişli şərait var. Tələbələr sosiallaşmaq, ailədən kənarda yaşamaq, işləmək istəyirlər.
İkincisi, universitetlərin bölgələrdəki filiallarında təhsilin səviyyəsi çox aşağıdır. Ona görə də rəqabət artır, bu, paytaxtda və böyük şəhərlərdəki universitetlərdə keçid ballarına da təsir edir.
Ali məktəb ənənələri nüfuzlu böyük universitetlərdə daha çox qorunur, universitet mühiti burada tarixən formalaşıb, gəncləri cəlb edən məqamlardan biri də budur”.
Törə Zeynallı Demokrat.az


