“Azərbaycanda təqribən 1,6 mln yaxın şagird məktəblərə, kolleclərə və peşə məktəblərinə gedir. Onların məktəb ləvazimatlarından tutmuş paltarlarına qədər yenilənməsinə ehtiyac yaranır”.
Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, hər il Azərbaycanda eyni problemlə qarışlaşırıq:
“Azərbaycanda yerli istehsal olmadığına görə biz hər şeyi xaricdən alırıq. Xaricdən aldığımız üçün bunun yol xərci, logistik xərclər son zamanlar bahalaşıb deyə, onun maya dəyərinə təsir göstərir. Yerli bazarda da daşınma xərcləri artıb. Çünki dizel yanacağının qiyməti birdən-birə 25% artdı. Bunun da daşınma xərclərinin yüksəlməsinə təsiri var. Bu da qiymət artımına səbəb olur.
Düşünmürəm ki, sentyabrın ortalarına qədər məktəb ləvazimatlarında qiymətlərdə enmə müşahidə edilsin. Buna ümid çox azdır. Amma sentyabrın sonu, oktyabrın əvvəli əsas alıcılar çoxlu sayda gətirilən malları aldıqdan sonra anbarlarda məhsul qalacaqsa, iş adamları məhsullar əllərində qalmasın deyə endirim tətbiq edə bilər. Bu da ən yaxşı halda oktyabr ayına təsadüf edə bilər. Yerli istehsalın olmaması, bir çox sahələrdə olduğu kimi, bu sahələrdə də qiymət artımına təsir göstərən əsas amillərdən biridir”.
Mehriban Mirzəzadə Demokrat.az


