Sosial Özəl

Biznes qurumlar tələbələrə endirimlər edə bilər — TƏKLİF

Biznes qurumlar tələbələrə endirimlər edə bilər — TƏKLİF

Azərbaycanda rəqəmsal tələbə kartlarından istifadəyə start verilir. Bu təşəbbüs Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Elm və Təhsil Nazirliyi və Azərbaycan Texniki Universiteti (AzTU) tərəfindən birgə irəli sürülüb.

Məlumata görə, artıq AzTU tələbələri tələbə bileti məlumatlarını “mygov” tətbiqi üzərindən rəqəmsal formada təqdim edəcəklər. Növbəti tədris ilindən universitetə daxil olmaq, universitetdə imtahanlara giriş zamanı kimi bir çox hallar üçün rəqəmsal tələbə kartından isitifadə nəzərdə tutulub.

Təhsil eksperi Elçin Süleymanov Demokrat.az-a açıqlamasında bu layihəni müsbət dəyərləndirib:

“Bu addımı daha əvvəl kommersiya banklarından biri atmışdı, həm debit kart, həm də tələbə kartı kimi belə bir layihə var idi, amma tam uğurlu olmadı.

Dünyada beynəlxalq tələbə kartı sistemi var ki, tələbələr bununla endirimlərdən yararlanır, dijital kitabxanalardan istifadə edir, xaricdə olarkən nəqliyyatda onlar üçün güzəştlərdən istifadə edir, muzeyləri ziyarət edə bilirlər.

Azərbaycanda beynəlxalq tələbə kartı sistemi də tətbiq olunmuşdu, amma yarımçıq qaldı, çünki beynəlxalq sistemə qoşulması təmin edilmədi bu kartların. Düşünürəm ki, sonuncu layihə tələbələr üçün çox faydalı ola bilər. Mübadilə proqramlarında iştirak edərkən, xarici ölkələrdə olarkən bu kartla böyük üstünlüklər əldə etmək olur.

Fikrimcə, Azərbaycanda da biznes qurumları tələbə kartlarına müəyyən endirimlər, güzəştlər tətbiq edə bilər. Ölkədə tələbə sayı 200 minə yaxındır. 200 minlik bir kontingent üçün müxtəlif kampaniyalar etmək biznes qurumlarının da fəaliyyətinə müsbət təsir edər, onları inkişaf etdirər. Dövlət qurumlarına da aid etmək olar bunu. Nəqliyyatdan başlamaq olar fikrimcə.

Hava, quru nəqliyyatı ilə tələbələr səfər edərkən tələbə biletlərini göstərən zaman onlara müəyyən güzəştlər edilə bilər. Həmçinin muzeylər, kinoteatrlar, teatrlar, kitabxanalar və ticarət mərkəzlərində də tələb kartından faydalanmaları təşkil edilə bilər tələbələrin”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova