Ötən günlərdə 1 saylı Maştağa Psixiatriya Xəstəxanasında pasiyentin döyülməsi ilə bağlı görüntülər yayılmışdı.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Lalə Mehralı bildirib ki, bu mövzu artıq bir neçə gündür gündəmdədir:
“Əslində xəstəxanalarda rejim elə qurulmalıdır ki, potensial zorakılıq göstərmə ehtimalı olan insanlar daha çox nəzarətdə saxlansınlar. Yəni biri var passiv halda müalicəsi davam edən, aqressiyası olmayan, zorakılıq tətbiq etməyən heç kimlə işi olmayan xəstə, biri də var ki, daim başqasına zorakılıq göstərməyə meyilli olan, aqressiyasını bu yolla çıxaran, potensial təhlükə yaradan şəxsləri bir-biri ilə saxlamaq düzgün deyil. Bu kimi halların baş verməsinin qarşısını almaq üçün bütün mümkün tədbirlər görülməli idi. Zorakılıq göstərən şəxsi məsuliyyətə cəlb edə bilmərik, çünki cavabdeh şəxs kimi sağlam bir insan deyil. Onların qanuni şəkildə məsuliyyətə cəlb olunması mümkünsüzdür. Belə olan halda xəstəxana rəhbərliyi, nəzarətçilər, məsul şəxs kimdirsə, onlar məsuliyyət daşıyır. Onlar niyə bu qədər məsuliyyətsiz davranıblar və bir xəstənin digər xəstə tərəfindən vəhşicəsinə döyülməsinə göz yumublar bunlar araşdırılmalıdır. İnsanlar evdə saxlaya bilmədikləri xəstələri ora əmanət etmək məcburiyyətində qalırlar. Heç kim öz əzizini, doğmasını ora könüllü olaraq, kefindən qoymur. Çünki ev şəraitində bu tip xəstələrə baxmaq onların vəziyyətinin daha da ağırlaşması deməkdir. Əgər insanlar bu xəstəxanalara öz doğmalarını etibar edirlərsə, onlar da bu etibardan sui-istifadə etməməlidirlər. Bu inamı doğrultmalıdırlar. Xəstəxanada olan bütün təhlükəsizliyə cavabdehdilər. Çünki bu insanlar normal insanlar deyil. Onların şüurları, ağılları bizimki kimi deyil. Belə olan halda müdafiə edilməyəcəklərsə və hətta orada digər xəstə tərəfindən döyülməsinə göz yumulacaqsa, təbii ki, xəstələrin yaxınları bu kimi vəziyyətlərdə haqqını axtarmalıdır”.
Mehriban Mirzəzadə Demokrat.az


