Sosial Özəl

Dövlət müəssisəsində ahıllara hansı xidmətlər göstərilir? — AÇIQLAMA

Dövlət müəssisəsində ahıllara hansı xidmətlər göstərilir? — AÇIQLAMA

Sosial Xidmətlər Agentliyinin (SXA) müvafiq müəssisəsində xidmət göstərilən şəxslərin sayı açıqlanıb. Qurumun məlumatına görə dövlət müəssisəsində 214 ahıl şəxsə zəruri sosial xidmətlər göstərilir, onlardan 111-i kişi, 103-ü qadındır. Bildirilir ki, SXA-nın tabeliyində 21 sosial xidmət müəssisəsi fəaliyyət göstərir, onlardan biri də Ahıl şəxslər üçün sosial xidmət müəssisəsidir. Bura ümumi 300 çarpayı olmaqla 2 korpusdan ibarətdir. Müəssisədə ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan ahıllara stasionar formada sosial xidmətlərin göstərilməsi, onlarla sosial işin aparılması və sosial reabilitasiyasının təşkili ilə bağlı fəaliyyət həyata keçirilir.

Sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlamasında deyib ki, müəssisədə ahıllara keyfiyyətli sosial xidmətlər göstərilir, onlar üçün müasir şərait yaradılıb: “Sosial Xidmətlər Agentliyinin sosial şəbəkə hesablarında vaxtaşırı olaraq sosial xidmət müəssisələrinə yerləşdirilən ahıl şəxslərin vəziyyəti haqqında paylaşımlar edilir. Sanatoriya tipli normal şəraitli müəssisələrdir, otaqlar hər cür zəruri ehtiyaclarla təmin olunub, ümumi zallarda hər cür şəraot yaradılıb. Ahıl şəxslər burada dövlət hesabına qidalanır, geyimlə təmin olunurlar, gigiyenalarına diqqət edilir.

Vaxtlarını səmərəli keçirmək üçün müəssisə sakinlərinin istifadəsinə kitabxana, idman zalları, emalatxanalar verilib, burada kitab oxuya, aktiv həyat tərzi sürə, müxtəlif əl işləri düzəldə bilərlər. Bundan əlavə, onları müxtəlif tədbirlərə, mədəniyyət mərkəzlərinə, muzeylərə, gəzintilərə aparırlar. Düşünürəm ki, xidmət səviyyəsi normaldır. Əlavə xidmətlər göstərilməsi artıq ödəniş müqabilində həyata keçirilə bilər, özəl müəssisələrdə bu xidmətlər göstərilir. Seçim imkanı olanlar gedib həmin müəssisələrdə qalırlar. Fikrimcə, dövlət müəssisəsində xidmət göstərilən şəxslərin hazırkı vəziyyəti göründüyü qədərilə normaldır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova