Sosial Özəl

Türkiyənin İraq ərazisində antiterror əməliyyatı keçirməsinə ehtiyac qalmayacaq — İki ölkə terrorizmə qarşı

Türkiyənin İraq ərazisində antiterror əməliyyatı keçirməsinə ehtiyac qalmayacaq — İki ölkə terrorizmə qarşı

“İraq uzun illərdir PKK terror qruplaşmasının düşərgəsinə çevrilib. Qəndil dağını örnək olaraq göstərmək kifayətdir. Bundan başqa İŞİD-in bir müddət İraq ərazisində olması da buna misaldır. Bunlar onu göstərir ki, İraq təkcə Türkiyə üçün deyil, həm də region üçün terror mənbəyi rolunu oynayır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Sədrəddin Soltan deyib. O, bir müddət əvvəl İran hakimiyyətinin güc strukturlarının başçılarının rəsmi Bağdada və ölkənin şimalındakı hökumətə terrorçularla bağlı xəbərdarlıq etdiyini xatırladıb:

“İraq hakimiyyəti bir müddət əvvəl PKK-nı terror qruplaşması elan etdi və bildirdi ki, PKK-nın adı bütün rəsmi yazışmalarda və açıqlamalarda terror qruplaşması kimi qeyd olunacaq. İraqın şimalındakı yerli idarəetmə orqanına da bu barədə təlimat verilib. İraq dövləti üçün PKK artıq terror təşkilatıdır, belə olduğu təqdirdə Türkiyə ilə İraq arasında münasibətlərdə anlaşılmazlıq aradan qalxar. Terrorçu yuvası olan İraqda terrorçuların bölgədən çıxarılması və onların fəaliyyətinə qadağa qoyulması hər iki ölkənin təhlükəsizliyi üçün faydalı olar. Fikrimcə, İraqdakı terror yuvası Suriyada da problem yaradır. Bu isə bütövlükdə Türkiyənin şərq sərhədlərində sabitliyin pozulması, təhlükəsizliyin və ərazi bütövlüyünün təhdid edilməsi deməkdir”. Ekspert Türkiyə və İraq arasında imzalanan təhlükəsizlik sazişinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib:

“PKK-nın fəaliyyətinə son qoyulması terrorçuluqla mübarizəyə ən böyük töhfə olar. Hesab edirəm ki, Türkiyə ilə İraq arasında təhlükəsizliklə bağlı imzalanan saziş daha çox bu məsələyə xidmət edir. Belə olacağı halda Türkiyənin İraq ərazisində əlavə hərbi qüvvə saxlamağa və ya antiterror əməliyyatı keçirməsinə də ehtiyac qalmır. İki ölkə arasındakı münasibətlər daha çox qarşılıq ticarət və iqtisadi əlaqələr fonunda davam edər”.

Qeyd edək ki, avqustun 15-də Türkiyə və İraq arasında təhlükəsizlik sazişi imzalanıb. Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada İraq baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseynlə birgə iştirak etdiyi mətbuat konfransında bu sazişin tarixi əhəmiyyət kəsb etdiyini və İraqla əməkdaşlığın yeni mərhələyə keçid etdiyini vurğulayıb.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova