İjevsk şəhər məhkəməsi Udmurtiya Respublikası Dövlət Şurasının Vahid Rusiya Partiyasından olan deputatı, eyni zamanda "Pilotsuz Sistemlər Xalq Mərkəzi” MMC-nin direktoru olan Vyaçeslav Devyatov narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə ev dustaqlığına məhkum edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Məhkəmələrin Birləşmiş Mətbuat Xidmətinin "Telegram" kanalında məlumat verilib.
Məlumatdan məlum olub ki, ibtidai istintaq orqanları Devyatovu şəxsi istifadə məqsədilə külli miqdarda narkotik əldə etməkdə və saxlamaqda ittiham edib. O da qeyd olunur ki, təqsirləndirilən şəxs və vəkili müstəntiqin vəsatətinə etiraz etməyib.
"Məhkəmə Devyatovun barəsində 2 ay müddətinə, yəni 2024-cü il oktyabrın 11-dək bir sıra qadağalar müəyyən edilməklə ev dustaqlığı növündə qətimkan tədbiri seçdi", deyə məlumatda bildirilib.
"Vahid Rusiya"nın mətbuat xidmətindən "Kommersant” qəzetinə bildirilib ki, Devyatovun partiya üzvlüyü, habelə regional siyasi şuranın üzvü kimi səlahiyyətləri cinayət işinin başlanması ilə əlaqədar dayandırılıb.


