“Türkiyənin NATO-dan xaric edilməsi məsələsi artıq bir neçə dəfə gündəmə gəlib. Bu fikri irəli sürən NATO-nun yüksək rütbəli nümayəndələri olub, buna səbəb Türkiyənin NATO-nun qərarlarına zidd siyasət yürütməsi, Rusiya ilə əməkdaşlıq etməsidir. Müasir dövrdə dünyada həqiq liderlərin defisiti yaşanır, bu baxımdan Türkiyə çox təminatlı görünür. Əslində müqayisə aparsaq görərik ki, bir çox Qərb elitaları da Türkiyənin bu cəhətdən üstünlüyünü normal qarşılaya bilmir. Odu ki, bir çox məsələdə Türkiyə ilə Qərb arasında ixtilaflar yaşanır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
O qeyd edib ki, Türkiyənin Rusiyadan hava hücumundan müdafiə sistemləri alması Qərbin xoşuna gəlmir:
“Əgər Qərb Türkiyə ilə müttəfiqlik etmək istəyirsə, o zaman niyə 60 ildən çoxdur ki, onu Avropa İttifaqına üzv qəbul etmək məsələsində aldadır? Kobud da olsa Türkiyəni istehza ilə qarşılayırlar ki, sən bu birlikdə ola bilməzsən. Sovet İttifaqı ilə Qərb arasında soyuq müharibə olmasaydı, nüvə silahlarından istifadə etmək ehtimalı olmasaydı, inandırım sizi ki Türkiyəni heç NATO-ya da qəbul etməzdilər.
Həmin dövrdə Türkiyənin özünün də Sovet İttifaqı ilə münasibətləri gərgin idi, Stalin Türkiyəyə qarşı ərazi iddiaları irəli sürürdü, Qarsı ələ keçirmək istəyirdi. Sonralar Rusiyanın Suriyaya dəstək verməsi, onu silahlandırması Qərbi düşündürməyə başladı, Türkiyənin NATO-ya qəbul edilməsininin zəruri olduğunu gördülər.
Yəni, Qərb bu məsələ də yenə də öz xeyrini güddü, indi də açıq-aşkar bildirirlər ki, sən müsəlman ölkəsisən, xristian klubunda qonaqsan, özünü layiqli tərzdə apar. Odur ki, Türkiyənin yaxın vaxtlarda NATO-dan çıxacağını istisna etmirəm. NATO daxilində onsuz da çatlar yatanıb, ABŞ və Fransa deyir ki, hər bir alyans ölkəsi özü-özünü maliyyələşdirsin. Bu baxımdan Türkiyənin doğru yolda olduğunu zənn edirəm, çünki özü öz raket sistemlərini istehsal edir, müdafiə sistemini möhkəmləndirir”.
Törə Zeynallı Demokrat.az


