Sosial Özəl

Ekspert: “Valideynlər kompüter bacarıqlarına yiyələnməlidirlər”

Ekspert: “Valideynlər kompüter bacarıqlarına yiyələnməlidirlər”

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) 1-ci sinfə qəbulla bağlı valideynlərə müraciət edib. Qeyd olunub ki, 2024-2025-ci tədris ili üçün birinci sinfə qəbulu proqnozlaşdırılan məktəbyaşlı uşaqların sayı ilə qeydiyyatdan keçənlərin sayında fərq var. Məktəbə qəbul elektron formada aparılır. Valideynlər ölkə üzrə bütün ümumi təhsil müəssisələrində Azərbaycan və digər bölmələr üzrə sərbəst qaydada məktəbi və müəllimi seçə bilərlər.

“Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2024-2025-ci tədris ili üzrə I sinfə elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər" - deyə, qurumun məlumatında vurğulanıb.

Günümüzdə bir çox vacib əməliyyatlar elektron qaydada aparılsa da hələ də bu məsələdə çətinlik çəkən valideynlər var. Övladı 1-ci sinfə getməyə hazırlaşan bəzi valideynlər elektron formada aparılan proseslərlə tanış deyil, buna görə də ətrafdakı şəxslərdən kömək istəməli olurlar.

Təhsil eksperti Elşən Qafarov Demokrat.az-a açıqlamasında deyib ki, məktəbəqədər hazırlıq qruplarına qeydiyyat, məktəblərin 1-ci sinfinə qəbul və şagird yerdəyişməsi elektron qaydada həyata keçirilir:

“Bakı şəhərində 2015-ci ildən etibarən məktəblərin 1-ci sinfinə qəbul elektron qaydada aparılır və bu proses 2019-cu ildən bütün ölkə üzrə tətbiq olunur. Azərbaycanda 1 milyon 700 min şagird var. Hər bir valideyn bilir ki, övladını məktəbəqədər hazırlığa, 1-ci sinfə aparmaq üçün, bir məktəbdən digərinə keçirmək üçün müvafiq portala daxil olub şəxsi kabinet yaratmalıdır.

Qaydalarla cəmiyyət tanışdır, lakin hələ də elektron qaydada aparılan proseslərlə bağlı çətinlik çəkən valideynlər var. Bəzən müəllimlər, məktəbdə çalışan texniki işçilər, katibələr, kargüzarlıq işləri ilə məşğul olan şəxslər tərəfindən valideynlərə bu məsələdə köməklik göstərilir. Valideynlər bilməlidirlər ki, məktəblə bağlı proseslər indi dünyanın əksər ölkələrində elektron qaydada aparılır.

Düşünürəm ki, valideynin məsuliyyətlərindən biri də elektron qaydada aparılan əməliyyatları icra edə bilməkdir, onlar özləri övladları üçün şəxsi kabinet yaratmağı bacarmalıdırlar, bunun üçün də kompüter bacarıqlarına yiyələnməlidirlər. Yenə də bunu bacarmayan valideynlərə məktəblərdə köməklik göstərilir. Valideynlər bu məsələlərdə diqqətli olsalar yaxşı olar”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az