“Məlumdur ki, isti hava şəraiti insanların əmək fəaliyyətinə, əhval-ruhiyyəsinə təsir göstərir və bu amil xroniki xəstəliklərdən əziyyət çəkən insanlarda özünü daha qabarıq biruzə verir. Təəssüf ki, səhhətində ciddi problemlər olduğunu bildiyi halda isti hava şəraitini, qət edəcəyi məsafəni, avtomobilinin sərinlik sistemi ilə bağlı təchizatını nəzərə almadan sükan arxasına əyləşən sürücülərə rast gəlini. Bu da bəzən xoşagəlməz sonluqla nəticələnir”.
Bu fikirlər Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində yer alıb. Baş Dövlət Yol Polisi İdarəsi səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək onları səhlənkarlığın doğurduğu bədbəxt hadisələrdən düzgün nəticə çıxarmağa, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağa çağırıb.
Nəqliyyat eksperti Eldəniz Cəfərov da Demokrat.az-a açıqlamasında səhhətində problem olan sürücüləri vacib olmadığı hallarda avtomobil idarə etməkdən çəkinməyə çağırıb:

“Səhhətində problem olan sürücülərin isti havalarda sükan arxasında əyləşməsi onların həyatı üçün təhlükəli ola bilər. Avtomobil hər nə qədər texniki parametrlərə cavab versə də isti havalarda özünü pis hiss edən insanlara bunun heç bir köməyi olmayacaq. Hava şəraiti ilə əlaqədar səhhəti pisləşən insanlar yaxşı olar ki, bu ehtimalı nəzərə alıb həmin günlər avtomobil idarə etməsinlər. Çünki yolda halı pisləşərsə, maşını saxlamalı, enməlidir. Sükan arxasında qəfil halı pisləşən sürücü həm öz həyatını, həm də digərlərinin həyatını riskə atır. Belə bir ehtimal varsa, yola çıxmamaq daha düzgündür. Çünki yolda olarkən bədbəxt hadisələr qaçılmaz ola bilər. Bəzi sürücülər dərman preparatları qəbul etdiklərini əsas gətirib özlərinə bəraət qazandırmağa çalışırlar. Həmin dərmanların tərkibində yuxu gətirən, halsızlığa səbəb olan maddələr olur. Buna görə də belə dərmanları qəbul edib avtomobil idarə etmək yolverilməzdir”.
Törə Zeynallı Demokrat.az


