Xəbər verdiyimiz kimi, yeni tədris ilində məktəbli formaları ucuzlaşacaq. Keçən il 25 manata satılan şalvar və ətəklərin qiyməti bu il 20 manat təşkil edəcək, polo köynəklərin qiyməti isə 15 manatdır. Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov bildirib ki, hazırda BTE-nin anbarında yüz mindən çox məktəbli forması var.
Hər tədris ilinin başlaması ərəfəsində məktəbli formaları ilə bağlı məsələ gündəmə gəlir. Xüsusən də çoxuşaqlı imkansız ailələrdə məktəbli forması almaq valideynlərə maddi sıxıntı yaşadır. Təhsil eksperti
Elmin Nuri Demokrat.az-a açıqlamasında qeyd edib ki, təhsil sistemində məktəbli forması probleminin davam etməsi təəssüfedicidir:

“İllərdir ki, məktəbli formalarını problem kimi qabardırıq. Məsələnin həm sosial, həm psixoloji tərəfləri var. Elə ailələr var ki, hər uşaq üçün məktəbli forması almaq həm maddi baxımdan, həm də vaxt baxımından çətindir. Məktəbli formaları çox vaxt məhdud sayda olur, valideynlər almaq üçün tələsir. Formalar məktəblər tərəfindən sifariş verilir, bu zaman da uzun növbələr yarana bilir. Buna görə də hər tədris ili başlayan ərəfədə formalarla bağlı problem yaşanır, amma bunu yoluna qoymaq üçün stimullaşdırıcı addım atılmır. Çoxuşaqlı imkansız ailələr üçün əlavə addımlar atılmalıdır. 1,6 milyona yaxın şagird kontingenti var, bu da ən az eyni sayda məktəbli forması deməkdir. Bir çox dünya ölkələrində olduğu kimi bizdə də fondlar, xeyriyyə mərkəzləri,qeyri-hökumət təşkilatları bu problemin həllində vasitəçi ola bilər, hər şeyi dövlətdən gözləmək doğru deyil. Dövlət çoxuşaqlı imkansız ailələrə məktəbli formalarının alınmasında güzəştlər tətbiq etsə, çox gözəl, amma vətəndaş cəmiyyəti bu işdə daha fəal olmalıdır fikrimcə. Xeyli sayda fondlar, sahibkarlıq subyektləri, təhsil mərkəzləri var, onlar maddi yardım göstərsə, məktəblilərin forma və məktəb ləvazimatları ilə təmin edilməsi məsələsi həllini tapar. Qardaşlaşmış məktəblər layihəsini də həyata keçirmək olar. Bir fond,sahibkarlıq subyekti bir neçə məktəbi özünə qardaş seçib oradakı imkansız ailələrin uşaqlarını forma və ləvazimatlarla təmin edə bilər”.
Törə Zeynallı Demokrat.az


