Gündəm Özəl

"Qərb Gürcüstanı cəzalandırmaq siyasətini seçib" — Yardımlar dayandırılır

Qərb Gürcüstanı cəzalandırmaq siyasətini seçib — Yardımlar dayandırılır

“Gürcüstan hökumətinin “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etməsi Gürcüstanın Avropaya inteqrasiya siyasətini şübhə altına aldı. Çünki bu qanun Aİ ilə Gürcüstan arasında aparılmış bütün dialoqlara ziddir. Brüssel belə iddia edir, ona görə də bu qanunun avrointeqrasiya prosesinə mənfi təsir edəcəyini vurğulayırlar və bunu Rusiya yönümlü qanun hesab edirlər”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O qeyd edib ki, bu qanunun Gürcüstandakı vətəndaş cəmiyyətinə, demokratiyaya mənfi təsirləri olacaq:

“Aİ və ABŞ Gürcüstana sanksiyaların tətbiqi və müəyyən maliyyə yardımlarının dayandırılması istiqamətində addımlar atırlar. Maliyyə yardımları artıq Gürcüstandakı vətəndaş cəmiyyəti institutlarına ayrılacaq. Göründüyü kimi Gürcüstanla Aİ arasında yaranan böhran ikitərəfli münasibətlərə mənfi təsir edəcək, Aİ-nin Cənubi Qafqaz siyasətinə də həmçinin. Ona görə də Qərb Gürcüstanı cəzalandırmaq siyasətini seçib”.

Qeyd edək ki, Avropa İttifaqı “Xarici təsirin şəffaflığı haqqında” qanunun tətbiqindən sonra Gürcüstan hökumətinə maliyyə yardımını tamamilə dayandıra bilər. Aİ-nin Xarici Siyasət Xidmətinin nümayəndəsi Piter Stano bunu bildirib. Onun sözlərinə görə Aİ Gürcüstandakı vəziyyətin inkişafından ciddi şəkildə narahatdır və sözügedən qanunun qüvvəyə minməsi Avropaya inteqrasiya yolunda geriyə addımdır.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova