Xəbər verdiyimiz kimi, bu il Laçının Güləbird kəndinə köç planlaşdırılır. Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov rayonda keçirilən “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi açılış mərasimində bu barədə məlumat verib. Onun sözlərinə görə rayonun Qorçu, Şəlvə, Ərikli və digər kəndlərinin də tikintisinə başlanılacaq və sakinlərin köçürülməsi prosesi bundan sonra da davam etdiriləcək.
Millət vəkili Vüqar Bayramov Demokrat.az-a açıqlamasında Laçında əhalinin məşğulluğunun təmin edilməsi üçün görülən tədbirlərin davam etdiyini deyib:

“İşğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşlarımızın məşğulluğu əsas hədəflərdəndir. Prezident İlham Əliyev azad edilmiş ərazilərdə məşğulluğun təmin edilməsi üçün göstərişlərini verib. Prezidentin tapşırıqlarına uyğun olaraq bu ərazilərdə vaxtaşırı əmək yarmarkaları keçirilir. Əmək yarmarkaları vasitəsilə daha çox iş yeri təklif edilir, eyni zamanda özəl sektor cəlb edilir. Laçın turizm potensialı ilə seçilən rayonlarımızdandır. Laçında məskunlaşan vətəndaşlarımızın işlə təmin edilməsi vacib məsələdir, burada iş yerlərinin artırılması planlaşdırılır. İş yerlərinin yalnız dövlət sektorunu deyil, özəl sektoru da əhatə etməsi məqsədi qarşıya qoyulub. Azad edilmiş ərazilərə daha çox sahibkarın cəlb edilməsi, sərmayə qoyuluşu gözlənilir. Bu, yeni iş yerlərinin açılmasına müsbət təsir göstərəcək”.
Törə Zeynallı Demokrat.az


