Gündəm Özəl

Niyə tez yoruluruq? — Həkim səbəbləri açıqladı

Niyə tez yoruluruq? — Həkim səbəbləri açıqladı

Son zamanlar insanlarda yorğunluq halının çox olduğu müşahidə edilir. Təbii ki, bu yorğunluq onların iş və özəl həyatlarına da mənfi təsir göstərir. Lakin insanlar bundan xilas ola bilmirlər.

Bəs, bu qədər yorğunluğu yaradan səbəb nədir?

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən həkim Mərdan Əliyev bildirib ki, insanlarda son illər həvəssizlik, motivasiyanın olmaması, işləri tez-tez ertələmək, iş görməmək kimi bir simptomlar çoxalıb:

Niyə tez yoruluruq? — Həkim səbəbləri açıqladı

“Bu depressiv simptomlardır və dövrümüzün əsas problemlərindən biridir. Bunun bir neçə səbəbi var. Əsasən, hər gün eyni işlərin görülməsi insanda həm motivasiyanı öldürür, həm də yorğunluq yaradır. Bundan əlavə, günümüzdə telefon, televizor, kompüter qarşısında çox vaxtın keçirilməsi də əsas səbəblərdən biridir. Bu yorğunluq xroniki yorğunluq simptomuna səbəb olur. Telefonun qarşısında çox oturmaq, telefonla çox oynamaq, həm də bizim yuxu rejimimizi pozur.

Gecə normal yatmamaq, səhərlər gec durmaq, gecə yuxusunun normal olmaması yorğunluğa səbəb olur, depressiyaya gətirib çıxara bilir və motivasiya, həvəsin azalmasına səbəb olur. Gecə yuxusu çox önəmlidir və gecə yuxusu normal olmadıqda melatonin sintezi, müəyyən hormonların sintezi pozulur və bu da həm fiziki sağlamlığa, həm də əsasən psixoloji sağlamlığı pozur.Təbii ki, burada digər məsələlər də var. Misal üçün, qidalanma rejiminin normal olmaması, şirniyyatların çox yeyilməsi və.s . Bilirsiniz ki, əvvəlki dövrlərdən fərqli olaraq, hazırda marketlərdə şirniyyat məhsulları müxtəlif, çox ucuz və keyfiyyətsizdir. Belə şirniyyat məhsullarının yeyilməsi, həm sağlamlığımıza ziyandır,vhəm də mədə və bağırsaq problemləri yaradır.

Həkim yorğunluğun necə aradan qaldırılmalı olduğu barədə də danışıb:

“Yorğunluq probleminin qarşısını almaq üçün yuxu rejimini qaydaya salmalı, telefonla vaxt keçirməyə müəyyən limit qoyulmalıdır. Dolayısı yolla hərəkəti artırmaq lazımdır. Belə olan halda da iş rejimi qaydasına düşür və işə qarşı həvəs, motivasiya artır”.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova