Cop29 Özəl

COP 29-la bağlı təhsil müəssisələrində qabaqlayıcı tədbirlər görüləcək — AÇIQLAMA

COP 29-la bağlı təhsil müəssisələrində qabaqlayıcı tədbirlər görüləcək — AÇIQLAMA

“COP29-la bağlı məktəblərdə payız tətilinin uzadılması yuxarı sinif şagirdlərinə müəyyən mənada təsir edə bilər. Universitetlərin 1-ci kurs tələbələri də bəzi çətinliklər yaşaya bilərlər, çünki universitet həyatlarına təzəcə başlamış olacaqlar”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib. O qeyd edib ki, COP29 kimi mötəbər tədbirin keçirilməsinin ölkədə bəzi məhdudiyyətlərlə müşayiət olunması təbiidir:

“COP29 ölkəmiz üçün mühüm tədbirdir. Bu qlobal tədbir Azərbaycanın beynəlxalq müstəvidə tanınmasına xidmət edir. Paytaxt Bakı tədbir çərçivəsində on minlərlə qonağı qarşılamağa hazırlaşır. Bunun üçün hazırlıq işləri yüksək səviyyədə davam edir. Bu baxımdan bəzi sahələrdə işlərin nizama salınması gərəkir. Dərslərin distant təhsilə keçirilməsinin məqsədi də budur. Düşünürəm ki, belə bir qərar verilirsə, yəqin ki qabaqlayıcı tədbirlər də düşünülüb, çox güman müəyyən resurslar işə düşəcək. İndi demək olar ki, hamının evində internet, əlində kompüter var, düşünmürəm ki, kiməsə bir müddət distant təhsil almaq problem olsun. Qısa bir müddət dərslərin distant formaya keçilməsini anlayışla qarşılamalıyıq”.

Qeyd edək ki, Baş nazir Əli Əsədov “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər haqqında" qərar imzalayıb. Qərara əsasən məktəblərdə payız tətilinin müddəti uzadılıb. Bakı, Sumqayıt və Abşerondakı universitetlərdə distant təhsilə keçiləcək.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova