Xəbər verdiyimiz kimi, COP29-la əlaqədar məktəblərdə payız tətilinin müddəti uzadılıb. Bakı, Sumqayıt və Abşerondakı universitetlər distant təhsilə keçid edəcək. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən ümumi təhsil pilləsi üzrə 2024-cü il noyabrın 12-dən 22-dək payız tətili olacaq. Həmçinin peşə, orta ixtisas və ali təhsil pillələri üzrə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda da həmin müddətdə tədris distant (məsafədən) formada təşkil ediləcək.
Qərara Demokrat.az-a açıqlamasında münasibət bildirən təhsil eksperti Elçin Murad distant təhsilin müəyyən problemlər yaradacağını düşünür.
“Beynəlxalq tədbirlərə ev sahibliyi etmək ölkənin imicinin yüksəldilməsi, tanıdılması baxımından müsbət hadisədir. Amma düşünürəm ki, distant təhsilə keçilməsi tədrisin keyfiyyətini aşağı salır. Distant təhsil tədbirin keçirildiyi məhdud ərazini əhatə etsəydi daha yaxşı olardı, Sumqayıt və Abşeronda da distant təhsilə keçilməsi elə də əhəmiyyət kəsb etmir. Pandemiya zamanı da distant təhsilin təsirlərini gördük. Təhsilalanlar məsafədən təhsilə hazır deyil. Təhsil müəssisələrinin hər biri eyni səviyyədə texnoloji imkanlara malik deyil. Elə valideynlər var ki, övladlarının kompüter vasitəsilə distant təhsilə qoşulmasını təmin edə bilmirlər. Distant təhsilin daha bir mənfi cəhəti də odur ki, tələbələr təhsildən yayınır, kameranı bağlayır, dərs saatında başqa işlərlə məşğul olur və ya internetin olmamasını bəhanə edirlər. Təklif edərdim ki, distant təhsilə keçid ediləcək müəssisələrdə əvvəlcədən müəllimlərin və tələbələrin texniki imkanları araşdırılsın və onlarla maarifləndirici söhbətlər aparılsın ki, dərsdən yayınma halları olmasın”.
Törə Zeynallı Demokrat.az


