Siyasət Özəl

“Amma Heydər Əliyev bu çıxışa Azərbaycan dilində başladı...” — Dövlət dilinə qayğı sonsuzdur

“Amma Heydər Əliyev bu çıxışa Azərbaycan dilində başladı...” — Dövlət dilinə qayğı sonsuzdur

“İnsana dünyada dildən əziz ikinci bir şey yoxdur. Hər bir insan körpə olaraq dünyaya gəlir, ondan ilk umduğumuz, arzuladığımız dil açmasıdır. Azərbaycan dili də dünyanın ən şirin dillərindən biridir, bu dilin qədim tarixi var. Uzun illər bu dillə bağlı çoxlu qadağalar olub, amma Azərbaycan dili şərq dilləri içərisində sahib olduğu nüfuz və hörməti itirməyib”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Anar İsgəndərov deyib. O, Azərbaycan dili və Azərbaycan Əlifbası Gününün mühüm tarixi əhəmiyyət kəsb etdiyini qeyd edib:

“Maraqlı bir tarixi bölüşmək istəyirəm – 1969-cu ildə o zamankı Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyi keçirildi Şəhriyar adına Klubda. Təbii ki, bu tədbirdə ilk sözü də ümummilli lider Heydər Əliyev deməli idi. Heydər Əliyev tribunaya qalxdı, ilk sözü bu oldu ki, “yoldaşlar...” – zaldakıların hamısı dondu, çünki Azərbaycan müttəfiq respublika olsa da həmişə ilk çıxışlar rus dilində olurdu. Amma Heydər Əliyev bu çıxışa Azərbaycan dilində başladı. Bu, ulu öndərin Azərbaycan dilinə hörməti, sayğısı, məhəbbəti idi. Heydər Əliyev həm

Sovet, həm də müstəqillik dövründə Azərbaycan dilinin inkişafı üçün əlindən gələni etdi. Azərbaycan tarixində ilk dəfə dilçi alimlərimiz dövlət mükafatı laureatına təqdim olundular. Bu o demək idi ki, dil dövlət səviyyəsində qorunur.

Azərbaycan dövləti bu gün dövlət dilinin qorunub saxlanılması və inkişaf etdirilməsi üçün bütün imkanlardan istifadə edir. Paris Yay Olimpiya oyunlarında Azərbaycan himni səsləndirildi, Azərbaycan bayrağı ucaldıldı. Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti, folkloru, musiqiləri zəngindir, bütün bunlar hər zaman ölkəmizə uğur gətirir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova