Xəbər verdiyimiz kimi, HƏMAS lideri İsmayıl Haniyə iyulun 31-i Pezeşkianın andiçmə mərasiminə qatıldığı gün Tehranda öldürüldü. İsrail HƏMAS liderini neytrallaşdırmaq üçün məhz İranı seçdi. Hazırda, İranda üçgünlük matəm elan edilib.
Bəs, bu hadisədən sonra İranın İsrailə cavabı necə olacaq?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında politoloq Zaur İbrahimli bildirib ki, baş verən hadisə İranın ambisiyaları və imkanlarının bir-biri ilə uyğunlaşmadığını sübut etdi.
Zaur İbrahimlinin sözlərinə görə, İsmayil Haniyənin məhz Tehranda öldürülməsi rəmzi bir xarakter daşıyır:
“Güman etmək olar ki, Hizbullahın təzyiqləri artacaq. Lakin Hizbullahın da geniş quru əməliyyatlara başlaması indiki halda real görünmür. Çünki avtomatik olaraq İsrail ABŞ tərəfindən müdafiə olunacaq. Eyni zamanda, İsrailə qarşı geniş quru əməliyyatları baş versə, Avropa ölkələri İsrailin tərəfində olacaq. İsrail özü də quru əməliytalarının başlanmasında maraqlı deyil. Çünki İsrailin çox güclü hava hücumundan müdafiə sistemi var. Lakin quru əməliyyatlarında İsrail ordusu İranın potensialına təkbaşına davam gətirə bilməz.
Təxmin etmək olar ki, bu cür qarışıq və gərgin mühit hələ bir müddət davam edəcək. Yəqin ki, ABŞ-dəki prezident sekçiləri başa çatdıqda sonra Vaşinqtonun səyləri ilə artıq yaxın regionda münaqişələri dondurmaq mümkün ola bilər. Hal-hazırda yalnız ABŞ-nin buna imkanı var. Güman etmək olar ki, İsrail də məhz indi yaranmış əlverişli şərtlərdən istifadə edir. Çünki ABŞ-də daxili və siyasi mühit gərgindir. Hamı seçkilərə fokuslanıb. Yaxın Şərq ilə bağlı xarici siyasət qərarları konsensus tələb edir. Yaxın Şərq ilə bağlı məsələləri daxili siyasi müstəviyə gətirmək istəmirlər. Buna görə də Yaxın Şərqdə münaqişələri əvvəlki kimi dondurmaq üçün çox ciddi diplomatik iş aparmaq lazımdır. Hazırda isə Bayden administrasiyasının o qədər də çox vaxtı qalmayıb. Bu baxımdan hələ bir neçə ay vəziyyət bu cür davam edə bilər.
ABŞ-nin müdafiəsi İsrail üçün etibarlı sipərdi. Xüsusən də, Avropa ölkələri də ən azı susmaq ilə İsrailə dəstək verirlər. Belə bir şəraitdə İsrail özünü çox rahat və əmin hiss edir. Ərəb ölkələri də ABŞ-nin və Avropanın fəal müdafiə etdiyi İsrailə qarşı çıxmaq istəmir. İran yüksək texnoloji inkişafa nail ola bilməyib. Xüsusən xaricdən müdaxilələrin qarşısını almaqda acizdir. Bu onu göstərir ki, İranın ambisiyaları və imkanları bir-biri ilə uyğunlaşmır. İsmayil Haniyənin öldürülməsi bunu sübut etdi. İsmayil Haniyənin məhz Tehranda öldürülməsi həm də bir rəmzi xarakter daşıyırdı. İkincisi də bunun praktiki əsası var. Çünki İran ilə İsaril faktiki müharibə vəziyyətindədir. Digər hər hansı ölkədə bu baş versəydi tam fərqli cür qarşılanardı. Iranda Haniyənin öldürülməsi isə artıq İran-İsrail münasibətləri kontekstində nəzərdən keçirilir. İsrailin bu addımı atmasında sadaladığım amillər də mühüm rol oynayıb.
İslam ölkələri İsrailə qarşı reaksiya verəcək. Türkiyə də sərt bəyanatlar səsləndirir. Lakin İsrail üçün ciddi təhdid yaradacaq adıımların atılacağı gözlənilmir.
İran əlbəttə, İsrailə cavab verəcək. Ehtimal olunan variantlardan biri Livan üzərindən Hizbullah vasitəsilə kütləvi raket hücumunun təşkilidi. İran ərazisindən də İsrailin hərbi infraktrukturuna zərbələr endirilə bilər. Lakin bilavasitə quru hərbi əməliyyatlarının olacağı ehtimalı azdı. Suriya ərazisindən də İsrailə hava hücumlarının təşkil ediləcəyi ehtimal olunur. İsrailin texnoloji imkanları bu zərbələrin vuracağı ziyanı azaltmaq imlanı verir. Ancaq onun da tam qotunma imkanları yoxdur. Çünki kütləvi raket hücumu baş verdikdə heç bir müdafiə sistemi bunun qarşısını ala bilmir. Artıq İsrail əhalisi və cəmiyyəti bu hücumlara öyrəşib”.
Əfsanə Rəcəb Demokrat.az


