“Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin sayca 5-ci görüşü keçirildi. Sərhəddə baş tutan görüşdə növbəti dəfə sərhədlərin açılması, münasibətlərin normallaşması ilə bağlı danışıqlar aparıldı. Düşünürəm ki, Türkiyə-Ermənistan sərhədi sülh müqaviləsi bağlanandan sonra açılacaq, ancaq ermənilər beynəlxalq güclərin təsiri altında iş aparırlar ki, sərhədlər tez açılsın”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Elşad Həsənov deyib.
O qeyd edib ki, ermənilərin bu istəyi həyata keçə bilməz, Türkiyə tərəfi dəfələrlə bu barədə öz mövqeyini açıqlayıb:
“Axurik/Akyaka dəmir yolu sərhəd məntəqəsində texniki tərəflərin qiymətləndirilməsi, diplomatik və xidməti pasportu olan şəxslərə viza verilməsinin sadələşdirilməsi barədə danışılıb. Gələcəkdə də danışıqların davam etdirilməsinin vacibliyini hər iki tərəf qeyd edib. Görüş bununla da yekunlaşıb. Çünki sərhədlərin açılması Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamasından sonra mümkün ola bilər”.
Qeyd edək ki, bu gün Türkiyə və Ermənistan xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç arasında sərhəddə görüş keçirilib. Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç sərhəd zonasında erməni həmkarı ilə bugünkü danışıqları konstruktiv adlandırıb: "Biz Türkiyə ilə Ermənistan arasındakı sərhəd bölgəsində, səhər Ermənistan tərəfində, günorta isə Türkiyə tərəfində görüşlərin beşinci raundunu keçirdik. Biz konstruktiv şəkildə normallaşma prosesinin bütün aspektlərini və perspektiv irəliləyiş imkanlarını müzakirə etdik", - deyə Serdar Kılıç paylaşımda qeyd edib.
Törə Zeynallı Demokrat.az


