Gündəm

“Ölkə prezidenti “Valday”da Təhlükəsizlik Şurasının üzvlərinə ciddi bir mesaj göndərdi” – Deputat

“Ölkə prezidenti “Valday”da Təhlükəsizlik Şurasının üzvlərinə ciddi bir mesaj göndərdi” – Deputat

“Ölkə prezidenti “Valday” sammitində çıxışı ilə Birləşmiş Millətlər Təşkilatına, xüsusi olaraq onun Təhlükəsizlik Şurasının üzvlərinə ciddi bir mesaj göndərdi”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib.

Millət vəkili bildirdi ki, Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunda qətiyyətli çıxışı özünün ciddi və konkret nəticələrini verəcək:

“Artıq illlərdən bəri Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsi işğalçı ölkənin qoşunlarının heç bir qeyd şərt olmadan geri çəkilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı qəbul etdiyi qətnamələr faktiki yerinə yetirilmir. Deməli, beynəlxalq hüquq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının özünün hərəkətsizliyi və fəaliyyətsizliyi nəticəsində ayaq altındadır. Beynəlxalq hüququn bu şəkildə pozulması imkan verir ki, Ermənistan daha böyük həyasızlıqla Azərbaycan torpaqlarının işğalını davam etdirsin. Həmçinin, Paşinyanın “Dağlıq Qarabağ Ermənistanındır nöqtə” kimi sərsəm bəyanatlarını versin. Bu günə qədər nəinki bu qətnamələr yerinə yetirilməyib, işğalçı ölkəyə qarşı hər hansı təzyiq rıçaqları işə salınmır, sanksiyalar tətbiq olunmur. Ermənistan özü üçün bu cür əlverişli mövqe ilə o torpaqları azad etmir və etmək də fikrində deyil. Buna görə də, “Valday” sammitində ölkə prezidentinin çıxışı həm də buna fokuslandı və beynəlxalq hüquq normalarının yerinə yetirilməsi üçün Birləşmiş Millətlər Təşkilatına, xüsusi olaraq onun Təhlükəsizlik Şurasının üzvlərinə ciddi bir mesaj göndərdi. Düşünürəm ki, bu, ciddi və konkret nəticələrini verəcəkdir. Bu nəticələr isə uzaqda deyil”.

F.Ağamalı, dövlət başçısının Rusiyaya səfərinin, o cümlədən bu ölkənin “Rossiya” və “Birinci” televiziya kanallarına müsahibələrinin mühüm məqamlarından danışdı. Deputat bildirdi ki, bu səfərlə Azərbaycan-Rusiya münasibətlərinin strateji xarakter daşıdığı bir daha təsdiqləndi:

“Səfər zamanı Azərbaycanla Rusiya arasındakı münasibətlərin çox yüksək səviyyədə olduğu bir daha öz təsdiqini tapdı. Eyni zamanda, Prezident İlham Əliyevlə Rusiya Prezidenti arasında yüksək münasibətlərin iki dövlət və iki xalq arasında münasibətlərin inkişafına əhəmiyyətli təsir etdiyini bir daha nümayiş etdirdi. Ölkə Prezidenti çıxışında Azərbaycanın əldə etmiş olduğu uğurlar, qarşıda duran vəzifələr və çatacağımız hədəflər üzərində konkret və lakonik şəkildə dayandı. Eyni zamanda, Rusiya-Azərbaycan münasibətlərinin bundan sonra da inkişafının vacib detalları önə çəkildi. Xüsusilə, “Dağlıq Qarabağ Azərbaycan ərazisidir və nida işarəsi” kimi kifayət qədər ciddi, böyük və siyasi yükü özündə daşıyır. Bu ifadənin səslənməsi və Ermənistanın işğalçılıq siyasətinin konkret faktlarla önə çəkilməsi, beynəlxalq təşkilatların bu sahədə göstərmiş olduqları fəliyyətsizliyi, onların Ermənistanın birbaşa işğalçılıq siyasətini müdafiə edən mövqeyi də çox diplomatik şəkildə dilə gətirildi”.

Müsahibimiz “Valday” Beynəlxalq Diskussiya Klubunun son dərəcə nüfuzlu siyasi klub olduğunu və burada səslənən fikirlərin önəm kəsb etdiyini dilə gətirdi:

“Ölkə prezidentinin “Valday” Beynəlxalq Diskussiya Klubunun sammitində iştirakı və oradakı çıxışı bütün mənalarda ciddi əhəmiyyət kəsb edir. Bu həm Azərbaycan-Rusiya münasibətləinin bu günü və gələcəyinə hədəflənən siyasəti və onun reallaşması baxımından, istərsə də xüsusi olaraq işğal olunmuş torpaqlarımızın azad edilməsi baxımından mühümdür. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, “Valday” Disskusiya Klubu kifayət qədər populyardır və ciddi beynəlxalq nüfuza malikdir. Burada qoyulmuş mövzunun mahiyyətinə uyğun olaraq, dünyanın aparıcı təhlilçilərinin, politoloqlarının, eyni zamanda dövlət başçılarının dəvəti, onun son dərəcə böyük nüfuza malik siyasi klub olduğunu nümayiş etdirir. Ölkə Prezidentinin bura dəvəti və plenar iclasda çıxış etməsi diqqəti cəlb edir və özünün mahiyyətinə görə ciddi əhəmiyyət daşıyır”.

Zaur Zahidoğlu Demokrat.az

D
demokrat.az