Xəbər verdiyimiz kimi, Azərbaycanda ilk dəfə Şuşa Dövlət Peşə Təhsil Mərkəzində üç yeni ixtisas tədris olunacaq. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirdiyi brifinqdə məlumat verib ki, həmin ixtisaslara daş memarlıq abidələrinin bərpaçısı, bədii tikmə ustası, musiqi alətlərinin ustası aiddir: "Proqramların hazırlanması istiqamətində işlər görülür. Şuşa Peşə Təhsil Mərkəzi 400 tələbə tutumuna malik olacaq. Eyni zamanda 12 emalatxanası olacaq mərkəzin 86 yerlik yataqxanası nəzərdə tutulub. Hesab edirik ki, 2026-cı ildən həmin mərkəzə tələbə qəbuluna başlanılacaq".
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Demokrat.az-a açıqlamasında deyib ki, qeyd olunan 3 yeni ixtisasın tədrisinə başlanılması Şuşanın ümumi inkişafı ilə bağlı sahələrdə kadr hazırlığına töhfə verəcək:
“Şuşa Azərbaycanın mədəniyyət şəhəridir, öz memarlıq inciləri, mədəni müxtəlifliyi ilə fərqlənir, milli musiqimizin beşiyidir. Qeyd olunan istiqamətlərdə peşə təhsilinin məhz Şuşada tədris edilməsi də təsadüfi deyil. Şuşa cənab Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində dirçəlir, yenilənir, dünyaya mədəniyyət mərkəzi kimi təqdim olunur.
Düşünürəm ki, Şuşa Dövlət Peşə Təhsil Mərkəzindən məzun olacaq gənclərimiz şəhərin qədim ənənələrə söykənən daş memarlıq abidələrinin bərpasına, milli musiqi alətlərimizin təbliği və yaşadılmasına töhfə verəcəklər. Bu, Şuşanın ümumi inkişafı üçün dövlət başçısının gördüyü işlərə dəstəkdir. Azad edilmiş digər şəhərlərimizdə də peşə məktəblərinin açılması bərpa və quruculuq işlərinə təkan verəcək”.
Törə Zeynallı Demokrat.az


