“ABŞ və Rusiya dünyanın super gücləridir. Bu iki ölkə arasındakı fikir ayrılıqları, narazılıqlar, ideoloji fərqlər bu gün dünya siyasətinə yön verən başlıca məqamlardır. Hər iki ölkənin qlobal müstəvidə sərgilədiyi imperialist siyasət, digər regionlara müdaxilələr, münaqişələrdə aktiv rol oynamaları onları barışmaz rəqib edir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev Rusiya-ABŞ münasibətlərini dəyərləndirərkən deyib. O qeyd edib ki, SSRİ-ABŞ mübarizəsi də əslində bu münaqişənin tarixi köklərinin olduğunu göstərir:

“İndiki məqamda Rusiya və ABŞ arasındakı fikir ayrılıqları, geosiyasi müstəvidə mübarizənin getdiyi bir vaxtda tərəflərin ortaq məxrəcə gəlib uzlaşması, münasibətləri normallaşdırması o qədər də real görünmür. ABŞ-a xarici siyasətdə düşmən obrazlar lazımdır, İran, Çin bunun üçün kifayət deyil. Ənənəvi obraz kimi Rusiyanın da fəaliyyəti lazımdır, çünki onun düşmən obrazında olması ABŞ-nin Avropa üzərindəki təsirinin və hegemonluğunun qalması deməkdir. Rusiya ilə münasibətlər normallaşarsa, artıq Avropa azad siyasət yürüdəcək, nə NATO-nun fəaliyyətinə ehtiyac qalacaq, nə də Avropa daxilində ortaq fikir predmeti mövcud olacaq. Ona görə də tərəflər arasında münasibətlərin yumşalması hələ ki real deyil”.
Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, ABŞ-nin Moskvadakı səfirliyinin fəaliyyətinin hələ tam şəkildə bərpa olunacağı gözlənilmir, çünki hazırda iki ölkə arasında heç bir əlaqə yoxdur. Törə Zeynallı Demokrat.az


