Xəbər verdiyimiz kimi, Məsud Pezeşkianın andiçmə mərasimi sabah - iyulun 30-da İslam Şurası Məclisində (parlament) keçiriləcək. Azərbaycanı Pezeşkianın andiçmə mərasimində baş nazir Əli Əsədovun təmsil edəcəyi gözlənilir.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri,siyasi ekspert Samir Hümbətov bildirib ki,İranda prezidentin səlahiyyətləri o qədər çox deyil ki, o, bütün məsələlərdə həlledici qərar qəbul edə bilsin:
"Pezeşkian hələ təzə seçilib. Düzdür, seçki qabağı kompaniyasinda ana dilində təhsil, Azərbaycan və Türkiyə ilə münasibətlərlə bağlı bəzi məsələləri dilə gətirirdi. Həmçinin, özünün türk olduğunu deyirdi. Amma bu hələ hər şey demək deyil. Orada idarəetmə sisteminin başında dini rəhbər dayanır. Yəni, prezidentin səlahiyyətləri bir o qədər çox deyil ki, o, bütün məsələlərdə həlledici qərar qəbul edə bilsin. Ona görə də Pezeşkianın Azərbaycanla münasibətlərin necə olacağı ilə bağlı məsələlərdə qərar verməyə bir az tələsərik. Qısa olaraq onu demək olar ki, Pezeşkianın seçkidən sonra Azərbaycan Prezidenti ilə telefon danışığı aparması, qarşılıqlı şəkildə bir-birlərini rəsmi səfərə dəvət etmələri və s. müsbət addım sayıla bilər. Əslində, Azərbaycanla münasibətlərin normallaşmasının təməlində məhz cənubdakı qardaşlarımızın ana dilində təhsili məsələsi, Azərbaycanla münasibətlərin normal qurulması, üstəlik, Ermənistan-İran münasibətlərində İranın Azərbaycan mövqeyini gözləməsi durur. Yəni bunu etsə, biz onun həqiqi və faktiki olaraq addım atdığını düşünə bilərik. Çox təəssuf ki, bu yaxınlarda İranın 500 milyon dollar həcmində Ermənistana silah satması ilə bağlı məlumatlar yayılmışdı. Yəni bu da o deməkdir ki, Pezeşkianın hələ ona gücü çatmır və qərar verməkdə səlahiyyətə sahib deyil. Ona görə də biz onun seçkidən sonra atacağı addımları gözləməliyik. Əgər o həqiqətən də dini liderə qarşı çıxıb o addımı ata biləcəksə, o zaman biz Azərbaycanla İran arasında münasibətlərin müsbət istiqamətdə inkişafın getdiyini deyə bilərik. Amma edə bilmiyibsə, demək ki, mümkün olacaq hal deyil və yenə də sistem öz işini görəcək."
Zehra Məmmədova Demokrat.az


