“İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətləri artırılmalıdır. Rəqabət Məcəlləsi öz müsbət effektini verəcəkdir, lakin daha effektiv nəticə üçün dövlət qurumlarının rəqabəti pozan davranışlarının qarşısının alınması lazımdır. Bu da müvafiq rəqabət orqanının səlahiyyətlərinin artırılması ilə mümkündür”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O qeyd edib ki, bəzən ölkədə rəqabətə ciddi zərbə vuran hallar yaşanır:
“Müəyyən qurumlar var ki onlar öz öhdəliklərini yerinə yetirərkən bəzi problemlərlə qarşılaşır. Bu problemlər həll edilərkən sahibkarlıq subyektləri zərər görür. Ümumilikdə isə rəqabət zərər görür. Rəqabəti təkcə inhisarçıların pozmasına fokuslanmaq düzgün deyil. Rəqabət mühitini təkcə inhisarçılardan qorumaq yox, bütün təsərrüfat subyektlərindən qorumaq lazımdır. Rəqabət mühitinin pozulmasına şərait yaradan hallarla kompleks mexanizmlərlə mübarizə aparılmalıdır”.
Qeyd edək ki, iyul ayının 1-dən Azərbaycanda Rəqabət Məcəlləsi qüvvəyə minib. 12 fəsil, 84 maddədən ibarət olan Məcəllə ölkədə əlverişli biznes mühitinin inkişafı, təsərrüfat subyektlərinin sayının və iqtisadiyyata cəlb olunan investisiyaların artması üçün geniş imkanlar yaradacaq.
Törə Zeynallı Demokrat.az


