Şəmkir rayonunda 1999-cu il təvəllüdlü Ramin şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı tanışı Məhəmmədə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, 16 aprel 2023-cü ildə, saat 15 radələrində Şəmkir rayonu, Morul qəbirstanlığının yaxınlığından məlum olmayan taksidə olan Məhəmməd Pərvin və Eşqinlə mübahisə ediblər.
Bu zaman Ramin həmin şəxslərin mübahisəsinə heç bir əsaslı səbəb olmadan müdaxilə edib və Məhəmmədə yaxınlaşaraq özünə aid olmayan məsələ ilə əlaqədar mübahisə edib.
Ramin ictimai asayışın pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacan yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozub. Həmin vaxt yol ilə piyada və avtomobillə keçən şəxslərin 10-15 dəqiqə ərzində narahatçılıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər edib.
Daha sonra Ramin əlində olan silah qismində istifadə etdiyi kağız kəsən alətlə Məhəmmədin sol qoluna vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Raminin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ramin ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Şəmkir rayon sakinləri Pərvin, Məhəmməd və Eşqin adlı şəxsləri tanıyır: “Aprelin 16-da, saat 15 radələrində Şəmkir rayonunun Morul kənd qəbirsanlığının yaxınlığında Pərvinin Məhəmmədin içərisində olduğu avtomobilin qarşısını kəsərək saxladıb. Eşqin isə Məhəmmədlə söhbət edən zaman onların hər ikisi Məhəmmədlə mübahisə etməyə başlayıblar. Mübahisə zamanı Pərvin və Eşqini kənara çəkdim, Məhəmmədlə mübahisə etməmələrini bildirdim. Həmin vaxt Məhəmməd məni nalayiq ifadələrlə təhqir edərək sinəmdən itələdi. Mən isə əsəbləşərək üzərimdə olan kağızkəsənlə Məhəmmədin qol nahiyəsindən vuraraq ona xəsarət yetirdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra isə tanımadığı şəxsə məxsus avtomobillə əyləşib və yaşadığı Tovuz rayonuna gedib: “Hazırda özümü qismən təqsirli hesab edirəm. Yəni xuliqanlıq hərəkətləri etməmişəm. Etdiyim hərəkətə görə peşman olmuşam. Hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişəm. Onunla barışaraq razılıq əldə etmişəm”.
İş üzrə zərərçəkmiş Məhəmmədin sözlərinə görə, aprelin 16-da, saat 15 radələrində Sərxan adlanan ərazidən yaşadığı ünvana taksi ilə gedib: “Şəmkir rayonunun Morul qəbiristanlığının yaxınlığından taksi ilə keçərkən qarşıdan gələn avtomobil taksiyə saxla işarəsi verdi. Taksini idarə edən şəxs avtomobili kənara çəkib saxladı. Həmin qarşı avtomobildən Pərvin və Eşqin adlı şəxslər düşdü. Həmin vaxt həmçinin sonradan adını bildiyim Ramin adlı şəxs başqa avtomobillə gəldi. Mən də avtomobildən yerə düşdümvə Eşqin məni yanına tərəf çağırdı. Eşqinə tərəf getdikdən sonra heç bir səbəb göstərmədən kəllə ilə üz nahiyəmdən vurdu. Sonra isə Pərvin yumruqla sifət nahiyəmdən vurdu. Mən həmin şəxslərə öz iradımı bildirdikdən sonra Pərvin və Eşqinin yanında olan Ramin adlı şəxs bıçaqla sol çiyin nahiyəmdən vurdu. Sonra isə aramızda mübahisə yarandı. Mübahisə başa çatdıqdan sonra həmin şəxslər Pərvinə məxsus olan avtomobillə əyləşərək getdilər. Mən isə taksiyə əyləşərək Şəmkir Rayon Mərkəzi Xəstəxanasına getdim. Taksi ilə xəstəxanaya gedərkən yolda Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim və hadisə barədə məlumat verdim”.
İş üzrə şahid qismində ifadə verən Eşqinin ifadəsinə görə, aprelin 16-da Pərvinə zəng edərək onu yaşadığı Şəmkir rayonunun Varlı Həyat kəndində aparmağını xahiş edib: “Pərvin məni 15 manata aparacağını bildirdi. Pərvinlə razılaşdım və məni Şəmkir rayonunun mərkəzi bazarın qarşısından götürdü. Avtomobillə əyləşdikdən sonra Pərvinə şəhər ərazisindən hərəkət etməsini bildirdim. Morul qəbiristanlığının yaxınlığında qarşıdan gələn avtomobilin saxlatmasını Pərvindən xahiş etdim. Pərvin avtomobilli necə saxladacağını bildirdi. Pərvinə geri dönməsini bildirdim. Pərvin geri döndükdən sonra Məhəmmədin olduğu avtomobili saxlatdı. Biz avtomobildən düşdük, həmin vaxt Ramində digər avtomobillə gəldi. Məhəmməd mənə tərəf gəldi və mənə böyük qardaş olduğunu bildirdi. Mən isə Məhəmmədə “allah eləməsin sən mənim böyük qardaşım olasan” dedim. Biz öz aramızda söhbət edən zamanı kəllə ilə Məhəmmədi vurdum. Mübahisə zamanı Məhəmməd Pərvini məni gətirdiyinə görə nalayiq ifadələrlə təhqir etdi. Sonra isə Ramin Məhəmmədin qol nahiyəsindən bıçaqla vurdu. Həmin vaxt digər taksi sürücüsü hadisə yerindən çıxaraq getdi. Ramin Məhəmmədi bıçaqla yenidən vurmaq isdəyən zaman Pərvin Raminin əlində olan bıçağı alaraq kənara tuladı. Sonra isə Ramin və mən Pərvinin avtomobilinə əyləşərək şəhər istiqamətində hərəkətə başladıq. Mən avtomobildən parkın yanında düşdüm və sonra isə Bakı şəhərinə getdim”.
Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ramin 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Fariz Məlikli Demokrat.az


