““Avropa Siyasi Birliyi”nin toplantısında bir sıra beynəlxalq məsələlər müzakirə ediləcək. Toplantı çərçivəsində Azərbaycanla Ermənistan arasındakı münasibətlər və bu münasibətlərin gələcəyinə toxunulacağını da düşünürəm”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov səsləndirib. O qeyd edib ki, Prezident İlham Əliyevin bu tədbirdə iştirakı Azərbaycanın bir çox qlobal təşəbbüslərə rəhbərlik etdiyini növbəti dəfə sübut edir:
“Azərbaycanın bu gün beynəlxalq müstəvidə neo-müstəmləkəçilik, “yaşıl iqtisadiyyat” və digər məsələlərlə bağlı çağırışları beynəlxalq platformalarda diqqəti özünə çəkir. Bu kontekstdə cənab Prezidentin təkbətək və digər işgüzar görüşlərdə Azərbaycan dövlətinin mövqeyini növbəti dəfə qətiyyətlə ifadə edəcəyini görəcəyik. Ermənistan Baş naziri Nikol Paşinyan da tədbirə dəvət olunub. Ola bilsin ki, “Avropa Siyasi Birliyi”nin moderatorluğu ilə tərəflər arasında görüş baş tutsun. Bu gün Azərbaycanla Ermənistan delimitasiya məsələlərini razılaşdırmağa çalışırlar. Eyni zamanda iki ölkə arasında sülh müqaviləsinin bağlanması üçün danışıqlar davam edir. Hesab edirəm ki, COP29 öncəsi belə platformalarda davamlı görüşlərin olması bütövlükdə Cənubi Qafqazın daha pozitiv gələcəyə köklənməsi üçün əhəmiyyət kəsb edir”.
Qeydə edək ki, bu gün London yaxınlığındakı Oksfordşirdə keçirilən “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında 45 dövlət və hökumət başçısı iştirak edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısında iştirak etmək üçün Böyük Britaniyada işgüzar səfərdədir. Səfər Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə baş tutub.
Törə Zeynallı Demokrat.az


