Ermənistan hökumətinin yaydığı məlumata görə, Nikol Paşinyan Avropa Siyasi Birliyinin Londonda keçiriləcək sammitində iştirak etmək üçün Böyük Britaniyaya işgüzar səfərə gedib.
Qeyd olunur ki, Paşinyan iyulun 17-dən 20-dək işgüzar səfərdə olacaq və 4-cü sammit çərçivəsində bir sıra xarici həmkarlarla ikitərəfli görüşlər də nəzərdə tutulub.
Prezident İlham Əliyevin Londona səfər edəcəyi haqda məlumat hələ rəsmi elan edilməyib. Lakin keçiriləcək sammitdə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının baş tutacağı istisna olunmur.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Londonda Avropa Siyasi Birliyinin iclası çərçivəsində Azərbaycan və Ermənistan arasında danışıqlar baş tuta bilər.
Məhəmməd Əsədullazadə qeyd edib ki, tərəflər bir daha siyasi iradəni ortaya qoysa, sülh prosesində müəyyən qədər irəliləyiş ola bilər:
“Avropa Siyasi Birliyinin iyulun 17-dən 20-nə kimi iclası keçiriləcək. Azərbaycan və Ermənistan tərəfi də bu iclasa dəvət olunub. Artıq Ermənistanın Baş naziri Londondadır. Ötən il də belə bir iclas Moldovanın paytaxtı Kişinyovda oldu. Azərbaycan və Ermənistan liderləri bir araya gəldi və müəyyən şifahi razılaşmalar da əldə olundu.
Hazırda Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar müəyyən müsbət dinamikada davam edir.
Delimitasiya və demarkasiya prosesi gedir, sülh sənədi hazırlanır. Azərbaycan hələ Londonda belə bir görüşdə iştirak edəcəyini rəsmən elan etməyib. Əgər Azərbaycan Prezidenti iclasda iştirak etmək üçün Londona səfər etsə, o zaman Nikol Paşinyanla görüşü istisna deyil. Belə bir görüş əldə olunan razılaşmaların irəliləməsi, Zəngəzur dəhlizinin açılması, anklav kəndlər, çərçivə sazişinin bağlanması, Ermənistanda konstitusiya dəyişikliyi və s. bu kimi məsələlər müakirə oluna bilər. Əlbəttəki, Almaniya, Böyük Britaniya, Avropa İttifaqını prezidenti belə bir görüşün keçirilməsində maraqlı olacaq və təkliflər verə bilərlər”.
Əfsanə Rəcəb Demokrat.az


