Xəbər verdiyimiz kimi, iyulun 15-də Masallı Rayon Mərkəzi Xəstəxanasında uşaq ölümü qeydə alınıb. Beləki, 2007-ci il təvəllüdlü, 40 həftəlik hamilə qadın doğuş üçün xəstəxananın ginekologiya və doğum şöbəsinə müraciət edib. Ananın müayinəsi aparıldıqdan sonra Lənkəran Regional Perinatal Mərkəzə göndərilib. Orda isə bildiriblər ki, doğuş təbii yolla olmalıdır və Lənkəranda qalmağı məsləhət görülüb. Özünü yaxşı hiss etdiyini deyən ana yenidən Masallıya qaytarılıb. Lakin səhər ağrıları başladıqdan sonra doğuşa götürülüb və körpə ölü doğulub. Yaxınları uşağın ölümünə səbəb kimi həkim səhlənkarlığını göstərirlər. Rayon prokurorluğu faktla bağlı araşdırma aparır.
Baş verən hadisədə ananın azyaşlı olması diqqət çəkir və cəmiyyətdə müzakirələrə səbəb olub. Qanunla evlilik yaşının 18 olmasına baxmayaraq, hələ də bu kimi hallar qeydə alınır. 17 yaşlı qızı haçan evlənməsi isə sual doğurur.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında sosioloq Lalə Mehralı bildirib ki, əvvəlcə 17 yaşlı qızın neçə yaşda ailə qurmağa məcbur edildiyi araşdırılmalıdır.
Lalə Mehralı qeyd edib ki, uşaq yaşda hamiləliyin fəsadlarında biri də dünyaya ölü uşaq gətirməkdi:
“17 yaşında onun özü uşaqdı dünyaya necə uşaq gətirsin?
Bu uşaq 17 yaşında ana olubsa, yəqin ki, ən azı 16 yaşında evləndirilib. Bəlkə də 15 yaşında da ola bilər. Burda uşaq yaşda evləndirilmə məsələsi birinci növbədə araşdırılmalıdır. Təbii olaraq, məlum tərəf öz günahını ört-basdır etmək üçün qarşı tərəfi mühakimə edəcək. Ona görə vəziyyətdən quru çıxmağın yollarını axtarırlar və ittiham edirlər.
17 yaşlı bir uşağın bədəni bir insanı yaratmağa və yetişdirməyə qadir deyil. Onun orqanizmi tam hamiləlik keçirmək üçün uyğun deyil. Bunu tibbi tərəfdən də izah edirlər.
Bəzən iddia edirlər ki, bizim nənələrimiz, analarımız ötən əsrdə 14-15 yaşında evləndiriliblər və 10 uşaq doğublar, hamısı da sağlam olub. Lakin dövr o dövr deyil. Uşaqlar cırlaşma ilə böyüyürlər. Orqanizm cır yetişir. Siz cəmi 20 il bundan əvvəl 18 yaşında olan insanların bədən quruluşuna baxın və indi 18 yaşlı gənclərə baxın. Müqayisə etsək fərqi görəcəyik.
Əvvəlcə onu qəbul edək ki, uşaq yaşda hamiləliyin fəsadlarında biri də dünyaya ölü uşaq gətirməkdi. Bunu həkimlər çox yaxşı izah edər. Heç bir həkim istəməz körpə əlində ölsün. Bu onun karyerasına da kölgə salar. Hər bir həkim uşağın dünyaya sağlam gəlməsinə çalışır. “Qəsdən öldürüblər “, “Bilərək ediblər” kimi iddiaların əsli yoxdu. Hamilənin o vəziyyətdə xəstəxanaya qəbul edilməməsi məsələsi isə bir xəstəxananın səlahiyyətlərinin ora qədər olması deməkdir. Yəni müdaxilə edə bilməyəcəkləri və ya müdaxilə üçün yetəri qədər potensial olmadıqda, harasa göndərə bilərlər. Bu o demək deyil ki, xəstəyə xidmət göstərməkdən imtina edirlər. Sadəcə xəstənin yaşı və orqanizmi nəzərə alınmalıdır.
Səhv etmirəmsə, ultrasəs müayinəsi uşağın həftəsinin az olduğunu göstərib, amma 40 həftəlik olduğu deyilir. Bunun özündə də bir təzad var. Yəni uşaq 36-cı həftədə doğulursa, yarımçıqda doğulmuş olur. Bu o deməkdir ki, 17 yaşlı qızın bədəni dölü yetişdirməyə, doğuşu həyata keçirməyə hazır olmayıb”.
Əfsanə Rəcəb Demokrat.az


