Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vətəndaşlara müraciət edib. Müraciətdə qeyd olunur ki, kütləvi dini mərasimlərin keçirildiyi yerlərdə, o cümlədən təziyə məclislərində azyaşlı uşaqların iştirakı onların təhlükəsizliyi və sağlamlığı baxımından məqsədəuyğun deyil. Bildirilib ki, valideynlər bu məsələdə diqqətli olmalıdırlar. Habelə qanunvericiliklə icazə verilməyən hallara yol verilməməsinə diqqətlə yanaşmaq xatırladılıb.
Klinik psixoloq Gülşən Rüstəmova Demokrat.az-a açıqlamasında məsələyə bir neçə aspektdən yanaşılmalı olduğunu bildirib:

“İnsanların adətlərini, doğru qəbul etdiklərini, öyrəşdikləri yaşayış tərzini birdən-birə dəyişmək olmaz. Belə etsək, insanları, əksinə, narahat etmiş olarıq. Düşünürəm ki, müəyyən məsələlərdə izaha ehtiyac var, bununla belə insanların seçim hüququ mövcuddur. İnsanın böyüdüyü mühit, ailə şəraiti, aldığı tərbiyə, genetikası həyat haqqında müəyyən düşüncə formalaşdırır. Lakin seçim haqqının olduğunu anlayan insan çox azdır. Əksəriyyət sanki gördüyü işdə məcburiyyət hiss edir. Ona görə uşaqlar da böyüyən zaman seçim hüququnun nə olduğunu bilmirlər. Valideynlər seçim hüququnun vacibliyinin fərqinə varmırlarsa, övladlarına bunu aşılaya bilməzlər. Uşaqların özlərinin müəyyən fikirlərinin, təcrübələrinin olmadığı bir mövzuda onları təlqin vasitəsilə istiqamətləndirmək təhlükəli ola bilər. Dini mərasimlərdə də uşaqların iştirakı onlara mənfi təsir edə bilər, valideynlər bu məsələdə diqqətli olmalıdırlar. Yetişkin insanlar belə bu mərasimlərinin mahiyyətini bəzən tam anlamır, bəzən nəyinsə xətrinə belə tədbirlərə qatılırlar. İnsan bütün məsələlərin dərininə varmalı, nə etdiyini dərk etməlidir”.
Törə Zeynallı Demokrat.az


