Xəbər verdiyimiz kimi, keçən gün ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdi baş verib. Hazırda Trampın vəziyyətinin yaxşı olduğu bildirilir. Bu hadisə ABŞ-da 1984-cü il prezident seçilən Ronald Reyqana qarşı təşkil olunan sui-qəsd cəhdini xatırladıb. O zaman Reyqan demokratların namizədi - Karter Administrasiyasının keçmiş vitse-prezidenti Valter Mondeyl üzərində 50 ştatdan 49-da tam qələbə qazanaraq qalib gəlmişdi.
Bəs, bu hadisə ABŞ-da seçki kampaniyasına necə təsir edəcək?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında politoloq Zaur İbrahimli bildirib ki, o dövrdə sui-qəsd Reyqanın ətrafında müəyyən bir həmrəylik ab-havası yaratdı və Reyqanın islahatlarına ictimai dəstəyi artırdı.
Zaur İbrahimli qeyd edib ki, analoji olaraq biz Donald Tramp timsalında da bunu görə bilərik:
“ABŞ prezidenti Ronald Reyqana 1981-ci il 30 martda edilən sui-qəsd onun prezident vəzifəsinin icrasına başlamasından 2 ay sonra baş verdi. Həmin dövrdə Roland Reyqan islahatlar kursu bəyan etmişdi və “Reyqanomika” deyilen modelin ilk addımları atılırdı. Ronald Reyqan daha az nizamlanan iqtisadiyyat, xüsusən daxili iqtisadi imkanların genişləndirilməsi, iş adamlarına yeni imkanların yaradılması ilə bağlı siyasət yürüdürdü. O, 1984-cü ildə yenidən seçildi. Bununla Amerika cəmiyyəti Ronald Reyqanın irəli sürdüyü iqtisadi modeli dəstəklədiyini bəyan etdi. Roland Reyqan dövründə ABŞ iqtisadiyyatı ən yaxşı nəticələrdən birini göstərirdi. Bu nəticələr ABŞ-nin qlobal iddialarını da həyata keçirməyə imkanlar yaratdı.
Roland Reyqan, eyni zamanda, soyuq müharibədə SSRİ-yə qarşı daha sərt heç bir güzəşt nəzərdə tutmayan siyasətin tərəfdarı idi. Sonda ABŞ-ın soyuq müharibədən qalib çıxması məhz Ronald Reyqanın hakimiyyəti illərində atılan addımlar ilə əlaqələndirilir. İlk qənaət bundan ibarətdir ki, Respublikaçılar Partiyası da Trampın ətrafında daha sıx birləşəcək. Bu vaxta qədər, xüsusən, Respublikaçılar Partiyasının elitasında Trampın namizəd olması ilə bağlı tərəddüdlər var idi. Əlbəttə, böyük əksəriyyət Trampı dəstəkləyirdi və o, ilkin seçkiləri udmuşdu. Bununla belə, Trampın uğurlu dövlət başçısı olacağı ilə bağlı Respublikaçılar Partiyasının sıralarında şübhələr vardı. Onun bir çox addımları partiya ənənələrindən kənar təşəbbüs kimi nəzərdən keçirilirdi və ona qarşı ciddi müxalifət də mövcud idi”.
Zaur İbrahimlinin sözlərinə görə, bu baxımdan həm Respublikaçılar Partiyasının daha sıx birləşməsi, həm iş dünyasının dəstəyinin artacağı, həm tərəddüd edən seçicilərin rəğbətinin artacağını nəzərə alaraq qeyd etmək olar ki, bu hadisədən sonra Donald Trampın dövlət başçısı seçilmək imkanları daha da artdı:
“Bu sui-qəsd cəhdindən sonra Respublikaçılar Partiyasının elitası da Trampı birmənalı şəkildə dəstəkləyəcək. Respublikaçılar bunda bir qələbə şansı görürlər. Bu fürsəti əldən verməmək üçün maksimum dərəcədə cəhd göstərəcəklər. Əlbəttə Trampı populyalığı da artdı. Respublikaçılar onu qətiyyətli, çətinliklərdən qorxmayan, ən kritik anlarda öz güvənini saxlayan lider kimi təqdim edirlər. Bu baxımdan Tramp tərəddüd edən seçicilərin bir hisəsinin rəğbətini qazanacaq.
Həmçinin, Demokratları ittiham etmək üçün kifayət qədər əsas yarandı. Amerika cəmiyyəti təhlükəsizlik məsələlərinə həssasdır. Bunun Bayden administrasiyasının nöqsanlarından biri kimi qeyd edəcəklər. Bayden administrasiyasının miqrantların qarşısını almaq üçün sərhədlərin qorunmasını təmin edə bilməməsi, cinayətkarlığın qarşısını ala bilməməsi, narkotiklərin geniş yayılması kimi itthamların ardına təhlükəsizliyin təmin olunması ilə bağlı ittihamlar da yer alacaq. Bayden administrasiyasın bu ittihamlar qarşısında çox çətin vəziyyətdə qalacaq”.
Əfsanə Rəcəb Demokrat.az


