“Azərbaycan Avropa ilə Asiyanın qapısıdır, özündə həm Avropa, həm Asiya mədəniyyətini sintez edir, hər iki qitə ilə mədəni və ticari əlaqələrini davam etdirir. Türk dünyasının böyük bir qismi də Asiya qitəsindədir. Bu baxımdan Asiya Azərbaycan üçün mühüm strateji əhəmiyyətə malik coğrafiyadır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Sədrəddin Soltan deyib.
Ekspert Azərbaycanın Asiyanın bir çox ölkəsi ilə əməkdaşlıq etməsinin mühüm əhəmiyyət daşıdığını nəzərə çatdırıb:
“Azərbaycan Çinlə strateji tərəfdaşlığa dair müqavilə imzalayıb və bu ölkə ilə iqtisadi əlaqələri genişləndirir. Eləcə də Pakistanla yeni müqavilələrə imza atılıb. Azərbaycan-Pakistan münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yaxındır. Azərbaycanın Əfqanıstanla da tarixən yüksək səviyyəli əlaqələri olub. Vyetnam, Cənubi Koreya, Yaponiya kimi digər Asiya ölkələri ilə müxtəlif sahələri əhatə edən əlaqələrimiz var”.
Sədrəddin Soltan Perspektivdə Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsinin gözlənilən olduğunu söyləyib:
“Çünki Azərbaycan Asiya bazarında da özünəməxsus yer tutmağa çalışır. Perspektivdə Şimal-Cənub nəqliyyat yolunun açılması, eləcə də Xəzərdən ortaq dəhlizin fəaliyyətə başlaması Asiya ilə Avropanın birləşməsində Azərbaycanın rolunu artıracaq. Habelə Azərbaycanın Asiyaya çıxışı genişlənəcək, bu ölkələrlə əməkdaşlıq artacaq. ŞƏT və BRİCS-lə əməkdaşlıq etmək də Azərbaycanın xeyrinədir, çünki hər iki təşkilatda Azərbaycanın əməkdaşlıq etdiyi ölkələr təmsil olunur. Şərq dünyası ilə münasibətləri inkişaf etdirməklə Azərbaycan yeni bazarlara çıxış imkanı əldə edə bilər və Asiyada öz gücünü artırar”.
Törə Zeynallı Demokrat.az


