Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Tacikistanla Əfqanıstan arasında sərhədin möhkəmləndirilməsi proqramını imzalamayıb. Bunu Rusiyanın təşkilat yanında daimi nümayəndəsi Viktor Vasilyev deyib. Artıq Ermənistan dəfələrlə KTMT-nı proqralarında iştirak etməkdən imtina edib.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistan hazıda Qərb qarşısında verdiyi vədlər fonunda nə KTMT-nin üzvü ola bilmir, nə də ondan tam imtina edə bilmir.
Ədalət Verdiyev qeyd edib ki, Ermənistanın yerləşdiyi ərazi qlobal üzvlərin geosiyasi fonunda toqquşma meydanına bənzəyir və təxminən Suriyanın kiçik bir modelidir:
"Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini dayandırdığını və üzvlük haqqını ödəməyəcəyi barədə bəyanatlar səsləndirir.
Lakin KTMT -də fəaliyyəti dondurmaq kimi bir prosedur mövcud deyil. Burada ya üzvsən, yada üzv deyilsən. Faktiki olaraq Ermənistan ərazisində həm Rusiyanın bazası var, həm KTMT-yə aid qüvvələr var, həm də federal təhlükəsizlik xidmətinin sərhəd qoşunları var.
Ermənistanın da İran və Türkiyə ilə sərhədlərini Rusiya qoruyur. Belə olan halda Ermənistanın KTMT-dən imtinası təbii ki, Rusiya rəsmiləri tərəfindən etirazla qarşılanacaq. Amma düşünmürəm ki, hazırda Rusiya Ermənistana qarşı aktiv hansısa addım atsın. Rusiyanın özü də Ermənistandan imtina etmək niyyətində deyil. Belə bir niyyət olsaydı bunu çoxdan edərdilər. Sadəcə Rusiyanın istədiyi Paşinyansız bir Ermənistandır. Başqa qüvvələri hakimiyyətə gətirməyə çalışan Rusiya gələcəkdə Ermənistan ilə münasibətlərini bərpa etməyə çalışacaq. Ona görə də Ermənistandakı mövqelərini tam itirməmək üçün bir qədər bu məsələdə səbrlə davranacaq. Onsuz da Ermənistan bu gün hərbi müttəfiq kimi heç bir ölkə üçün o cümlədən KTMT üçün əhəmiyyət kəsb etmir. Məğlub və əzilmiş bir ordu ilə Ermənistan Tacikistanda təhlükəsizliyin təmin olunmasında iştirak etsə nə olacaq, etməsə nə olacaq? Ona görə də rusiyalı rəsmilər tərəfindən bu məsələlərin daha çox qabardılması Ermənistan hakimiyyətinə təzyiq və Ermənistan ictimaiyyətini “Paşinyan Rusiyaya qarşı demanş edir, biz isə ona qarşı bu qədər təmkinli davranırıq” mesajı ötürmək məqsədilə səsləndirilir.
Əfsanə Rəcəb Demokrat.az


