Son iki ayda ilan sancması ilə bağlı müraciət edənlərin sayında artım müşahidə edilib. Kliniki Tibbi Mərkəzin məlumatında qeyd olunub ki, may-iyun ayı ərzində ilan sancması ilə bağlı ümumilikdə 36 nəfər müraciət edib. Yaralıların hər birinə zəruri tibbi xidmətlər göstərilib və ölüm halı qeydə alınmayıb.
Həkim-terapevt Sübhan Hacıyev Demokrat.az-a açıqlamasında deyib ki, isti aylarda sürünənlər nəslindən olan bir çox soyuqqanlı heyvanlar, xüsusilə də ilanlar aktivləşir:
“Bu onunla əlaqədardır ki, onlarda venoz qan dövranı üstünlük təşkil edir və yayda venoz qan durularaq hiperaktivliyə gətirib çıxarır.

Əfsuslar olsun ki, bu hiperaktivlik bəzi canlıların həyatına son qoyur. Çünki ilanlar ətraflarındakı canlılara hücum edir, nəticədə dişlərində olan zəhər qanla qarışaraq ölümə gətirib çıxarır. İlan sancan yerdə kəskin ağrı, şişkinlik, göyərmə olur, həmin nahiyə keyiyir, hərəkətsizləşir. İlan sancan insana mütləq ilkin tibbi yardım göstərilməlidir. Mütləq şəkildə sancılan nahiyə fiksasiya olunmalıdır, yəni hərəkətsizləşdirilməsi lazımdır ki, qan dövranı sürətlənməsin. Gövdədən aşağı saxlanılması lazımdır, buz qoyulmalı, duzlu su və ya yodla yara yuyulmalıdır. Xəstəni mütləq özünü yaxşı hiss etsə də xəstəxanaya çatdırmaq lazımdır. İlk 24 saat ərzində ilan sancması əleyhinə zərdab vurulmalıdır. İlanı görüb həkimə təsvir etmək çox önəmlidir. Çünki hər bir ilanın zəhəri fərqli təsir göstərə bilir, ona qarşı zərdablar da müxtəlif olur”.
Törə Zeynallı Demokrat.az


