“Dövlət İmtahan Mərkəzinin test bankında test tapşırıqları çətinlik dərəcələrinə görə kateqoriyalara ayrılır. İmtahanlarda istifadə olunan bütün testlər standart alqoritm vasitəsilə eyni prinsiplə formalaşdırılır. İmtahanın çətin olması nisbi məsələdir. İmtahan iştirakçısının hazırlıq səviyyəsinə görə bu, əlbəttə, dəyişir. Hər hansı bir tapşırıq kimə görəsə çətin, kimə görəsə asan ola bilər”.
Bunu Demokrat.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə deyib. O, 30 iyun 2024-cü il tarixində keçirilmiş dövlət qulluğu imtahanı barədə narazılıqlara aydınlıq gətirib:
“30 iyun 2024-cü il tarixində dövlət qulluğunun B növü üzrə keçirilmiş test imtahanı nəticələrinə əsasən imtahanda iştirak etmiş 2500 namizəddən ümumilikdə 408 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Ümumi qayda belədir ki, hər bir imtahanda bütün fənlər üzrə test blokunda asan, orta və çətin tipli test tapşırıqlarından istifadə edilir”.
DİM rəsmisi sual kitabçasının imtahan iştirakçılarına verilməməsi məsələsinə də toxunub:
“Müəyyən imtahanlardan sonra sual kitabçalarının iştirakçılara verilməməsi məsələsinə gəldikdə isə bunun müxtəlif səbəbləri var. İlk növbədə dünya təcrübəsində də kitabçaların imtahan verənlərə paylanılması nümunəsinə demək olar ki, rast gəlinmir. Həmin materiallar daha çox təşkilatın intellektual mülkiyyəti hesab olunur. Bundan əlavə, test bankının zənginləşdirilməsinə, yəni tapşırıqların hazırlanmasına kifayət qədər vəsait və əmək sərf olunur.
İmtahanlarda hər bir test tapşırığının biliyin qiymətləndirilməsində oynadığı rol da təhlil edilir və bütün bunlar onun texniki pasportuna yazılır. Tapşırığın etibarlılığı, vahidliyi, çətinlik göstəriciləri və sairlə bağlı dəqiq məlumatlar formalaşmış olur. Ona görə də kitabçalar verilməyəndə həmin tapşırıqların bəzilərinin uzun müddət keçdikdən sonra müxtəlif imtahanlarda istifadə edilməsi istisna edilmir. Ancaq tapşırıqlar iştirakçılara təqdim edildikən sonra onlar, əlbəttə, müvafiq bazadan çıxarılır və növbəti imtahanlarda test blokuna daxil edilmir”.
X.Xanlarzadə nəzərə çatdırıb ki, sual kitabçalarının imtahandan sonra namizədlərə verilməməsi onların apellyasiya komissiyasına müraciəti etməsinə mane olmur:
“Namizəd hansı nömrəli suallar üzrə onun cavabının səhv cavab kimi qeydə alındığını bilir və əgər istəsə, səhv cavablandırdığı bütün suallar üzrə də apellyasiya müraciəti edə bilər.
30 iyunda keçirilmiş imtahanla bağlı Apellyasiya Komissiyasının qərarı yaxın vaxtlarda açıqlanacaq və müraciətçilərə bildiriləcək. Ekspertiza zamanı sualların tərtibatında hər hansı yanlışlıq aşkar olunarsa, həmin suallar imtahan iştirakçılarının xeyrinə hesablanır”.
Törə Zeynallı Demokrat.az


