"VI çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi 3 ciddi səbəblə bağlıdır".
Bu sözləri Azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin buraxılmasından və yeni seçkilərin keçirilməsindən danışarkən bildirib.

Məlumdur ki, Parlamentin buraxılması tələbi ilə hakim YAP-ın təmsilçiləri çıxış edib. 69 yerlə mütləq Parlament çoxluğunda olan partiyanın deputatlarının yeni seçkilərə getmək tələbi və o cümlədən 21 iyun tarixində Milli Məclisin bu tələbi dəstəkləməsi Milli Məclisin Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etməsi mühiti yaradır ki, bu da Konstitusiyanın 98¹-ci maddəsinə əsasən, növbədənkənar seçkilər üçün əsasdır". Deputat hesab edir ki, növbədənkənar seçkilərin zərurəti mübahisə doğurmur:
"Nəhayət, məlumdur ki, Konstitusiyaya əsasən, ölkədə noyabr ayında keçirilməsi planlaşdırılan Parlament seçkiləri Azərbaycan tarixinin ən irimiqyaslı tədbirlərə ev sahibliyi etməsi ilə üst-üstə düşür. COP29, Paris və Kioto Sazişlərinin Tərəflər Konfransının keçirilməsinin Azərbaycanın beynəlxalq öhdəliyi olduğunu nəzərə alsaq, eyni vaxtda həm bütün ölkəni əhatələyəcək seçki kampaniyasının təşkili və səsvermənin keçirilməsinin məqsədəuyğun olmadığı aydındır. Bu mənada, növbədənkənar seçkilərin zərurəti mübahisə doğurmur". Millət vəkili AXCP sədri Əli Kərimlinin tənqidi fikirlərinə reaksiya verərək radikal müxalifəti seçkiləri yeni şans kimi görməyə çağırıb:
"Radikal antimilli kəsimin bu istiqamətdə hay-küyünə gəlincə, bu, sadəcə, ucuz populizmdir. Əslində, müxalifət hesab olunan qüvvə yeni seçkilərə yeni şans və iqtidara gəlmək üçün perspektiv imkan kimi baxmalıdır. Lakin, görünən odur ki, Əli Kərimli, Cəmil Həsənli kimi ünsürlər tarixin zibilliyində olduqlarını yaxşı başa düşürlər və anlayırlar ki, hər bir seçki onlar üçün növbəti fiasko deməkdir. Ona görə də diqqəti yayındırmaq üçün məntiqsiz arqumentlərlə gündəmi zəbt etməyə çalışırlar ki, bunun da heç bir əhəmiyyəti yoxdur.


