“Əsilində Azərbaycanda avtomobil yanacağının qiymətinin tənzimlənməsi gözlənilən idi”.
Demokrat.azxəbər verir ki, bu fikirləri "Avtosfer.az" saytının rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı bildirib.
Onun sözlərinə görə, Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) aparılan yenidənqurma işləri buna zəmin yaradırdı:
“Səbəb odur ki, SOCAR tərəfindən açıqlanan məlumatlarda zavodun tam yeni, müasir tələblərə uyğun formatda qurulması və bunun da bəzi xərcləri artırması kimi fikirlər öz əksini tapırdı. Beləliklə, zavod işə düşəndə qiymətdə artım olacağı gözlənilirdi. Bununla paralel olaraq vətəndaşlar keyfiyyətin artırılmasını önə çəkirdilər ki, cüzi qiymət artımı fonunda bu, daha önəmli hesab olunur”.

Ekspertin sözlərinə görə, bu gün Tarif Şurası tərəfindən verilən qərar onu göstərdi ki, Neft Emalı Zavodunda istehsal olunan həm Aİ 92, həm də Aİ 95 benzini Avro5 standartına çatdırılıb:
“Bu, müsbət addımdır. Çünki 2014-cü ildən bəri hətta Avro3, Avro4 səviyyəsində belə yanacaq əldə etmək çətin idi. Ümid edirəm ki, SOCAR bütün yanacaqdoldurma məntəqələrinə keyfiyyətli yanacaq satmaqla yanaşı, həm də digər qurumlarla birlikdə yanacağın keyfiyyətinin dəyişdirilməməsi, sürücülərə daha aşağı oktanlı benzin satılması kimi əməllərin qarşısını alacaq”.
Elməddin Muradlı bildirib ki, ümumilikdə Aİ 92 markalı benzinin qiymətinin 10 qəpik artırılması fonunda keyfiyyətin daha da yüksəldilməsi o qədər də ciddi problem yaratmayacaq. Ancaq dizelin qiymətinin benzinə yaxınlaşması tamam başqa fəlsəfi məna daşıyır:

“Səbəb odur ki, artıq dünyanın bir çox ölkələri daha ciddi ekoloji problemlər yaratdığına görə dizel yanacağının istifadəsindən imtina edir. Bəziləri isə hətta dizel mühərrikli avtomobillərin istehsalını məhdudlaşdırmalqa yanaşı həm də öz ölkələrində onun istismarını qadağan edirlər. Məsələn, bu addımı bir neçə il öncə Almaniya hökuməti atdı. Həmin ölkənin bir sıra bölgələrində dizel mühərrikli avtomobillərin istismarı qadağan edilib və bu tip avtomobillər ümumiyyətlə, istismar olunmur. Əksinə, elektrik və hibrid avtomobillər daha da üstün olub”.
Ekspert hesab edir ki, Azərbaycanda da dövlət tərəfindən yürüdülən bu siyasətin başlıca məqsədi insanların marağını ekoloji təmiz avtomobillərə yönəltməkdir: 
“Benzinlə dizel arasında qiymətin yaxınlaşması ona dəlalət edir ki, insanlar öz avtomobillərində daha çox benzin istehlak etsinlər və ətraf mühitə atılan zərər də azalmış olsun” – deyə qeyd edən ekspert vurğulayır ki, bununla paralel elektormobillər və hibrid avtomobillər üçün yenə də geniş imkanlar qalmaqdadır.
O, bildirir ki, qiymət artımı cüzi oldu:
“Yəni bəzi şayiələrdə kifayət qədər ciddi qiymət artımından söhbət gedirdi. Ancaq belə olmadı 10 və 20 qəpik fərq yarandı. Qarşılığında isə Aİ95 premium benzinin qiymətinin 40 qəpik azaldılması müsbət addımdır. Bunu alqışlamaq lazımdır. Aİ92 ilə Aİ95 arasındakı qiymət fərqi 1 manat idi. Bu qiymətin tənzimlənməsində isə Tarif Şurası fərqi 50 qəpiyə çatdırdı. Yəni bir manat on qəpiyə Aİ92 bir manat altmış qəpiyə isə Aİ95 premium benzini satılır. 


