“Aİ-yə gedən yol Gürcüstan xalqı üçün açıqdır,lakin hakimiyyət öz siyasətini davam etdirsə, Avropa İttifaqı Gürcüstana qapını bağlayacaq”.
Bu sözləri Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Cozef Borrel rəsmi Tiflisin xarici agentlər haqqında qanun və LGBT təbliğatının qadağan edilməsi ilə bağlı hərəkətləri, qərarları barədə danışarkən deyib.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında politoloq Zaur İbrahimlibildirib ki, rəsmi Brüssel bu məsələlərə vahid çərçivədə yanaşır, lakin bir çox cəmiyyətlərdə Avropa İttifaqının bu yanaşması birmənalı qarşılanmır, o cümlədən də gürcü cəmiyyətində.
Zaur İbrahimlinin sözlərinə görə, əgər Gürcüstan cəmiyyəti hesab eləsə ki, cinsi azlıqlarla bağlı mili qanunvericilik Avropa standartlarına uyğun deyil və bunu qəbul etmək istəmir, onda bu barədə Avropa İttifaqı ilə ziddiyyətlər qalmaqda davam edəcək:
“Avropa İttifaqının mövcud prosedurlarına görə, üzvlük barədə müraciətdən sonra ölkənin milli qanunvericiliyi və Avropa standartlarına uyğunlaşdırılması ilə bağlı fəaliyyətlər həyata keçirilməlidir. Bu, üzvlüyə qəbul prosesinin əsas və mühüm hissələrindən biridir. Bu prosesdə Avropa İttifaqı ölkə üzrə qiymətləndirmə hesabatı açıqlayır. Aİ tərəfindən verilmiş tövsiyələrin və qarşıya qoyulmuş tələblərin yerinə yetirilməsi vəziyyətini araşdırır. Avropa İttifaqının irəli sürdüyü məsələlərdən biri də geniş insan hüquqları kontekstində cinsi azlıqların hüquqlarının tanınması və qorunmasıdır. Bu baxımdan Gürcüstan, üzvlüklə bağlı danışıqlara başlayan Moldova və gələcəkdə Ukrayna da istisna olmamaq şərtilə Avropa İttifaqı vahid standartları, meyarları və yanaşmasından çıxış etməlidir. Burada üzvlüyə müraciət edən və danışıqlara başlamış hər hansı ölkə ilə bağlı istisna ediləcəyi real görünmür. Əgər Gürcüstan hökuməti doğrudan da üzvlüklə bağlı danışıqlar aparmaqda qərarlı olacaqsa, bu tələbləri diqqətdən kənarda qoya bilməz. Bu baxımdan cinsi azlıqların hüquqlarının tanınması və onların qorunması ilə bağlı qanunvericilik Avropa standartları səviyyəsinə çatdırılmalıdır. Gürcü cəmiyyətində bunun əlehdarları var, lakin Avropa İttifaqının bu etirazları nəzərə alaraq Gürcüstan üçün hansısa bir istisna yol təklif edəcəyi real görünmür. Son qərar yenə Gürcüstan cəmiyyətinindir. Ola bilsin ki, Avropa İttifaqı ilə bu məsələlər ayrıca bir konteksdə müzakirə olunsun. Gürcüstan üçün hansısa güzəşt ediləcəyi ağılabatan görünmür”.
Əfsanə Rəcəb Demokrat.az


