Qarabağ Universitetində bəzi istiqamətləri üzrə müəllim vakansiyası elan edilib. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin məlumatında qeyd olunub ki, universitetdə daimi əsaslarla işləyən əməkdaşlar Xankəndi şəhərində tədris ilinin əvvəlindən başlayaraq işlədikləri müddətdə mənzillə təmin olunacaqlar.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov Demokrat.az-a açıqlamasında deyib ki, Qarabağ Universitetində işləmək istəyən xeyli sayda müəllim, professor var.

Onun sözlərinə görə, ilk dəfədir Azərbaycanda bir universitetdə təhsilverənlərin işə qəbulu ilə bağlı fərqli mexanizm qurulur:
“Bu, ilk növbədə qalib ölkəmizə yaraşacaq təhsil ocağı qurmaq istəyindən, eyni zamanda Xankəndi şəhərinin önəmindən irəli gəlir. Bunun mənəvi tərəfi də var, çünki 30 ildən sonra işğaldan azad edilən tarixi torpaqlarımızda ilk ali təhsil ocağı yaradılıb. Bu universitetin missiyası bölgənin mədəni mühitinin formalaşmasında rol oynamaqdır. Sentyabr ayında Qarabağ Universitetində dərslər başlayacaq, bu proses cəmiyyətin marağındadır. Burada dərs deyəcək müəllimlər üçün hər cür şərait yaradılıb, onlar işlədikləri müddətdə mənzillə təmin olunacaqlar. Düşünürəm ki, zamanla Qarabağ Universitetində çalışacaq müəllimlərə əlavə güzəştlər də ediləcək. Lakin əsas məsələ odur ki, burada işləmək istəyi edilən güzəştlərlə bağlı deyil. Təbii ki, müəllimlərin sosial şəraitinin yaxşılaşdırılması üçün bütün imkanlardan istifadə ediləcək.
Eyni zamanda tələbələr üçün də infrastruktur yaradılıb, yeni tələbə yataqları istifadəyə veriləcək. Əminəm ki, bu il qəbul imtahanlarında ən yüksək bal yığan abituriyentlər məhz Qarabağ Universitetində təhsil almağı seçəcəklər.
Tam səmimi deyə bilərəm ki, bizim gənc alimlərimiz Qarabağ Universitetində çalışmaq məqsədilə dəstək üçün mənə müraciət edirlər, universitetin fəaliyyətinə töhfə vermək istəyirlər. Universitet alimlərimizin, gənclərimizin burada işləmək istəyi ümumilikdə xalqımızın Qarabağa olan sevgisindən irəli gəlir. Həmçinin Qarabağın dirçəldilməsi, Qarabağ Universitetinin dünya standartlarına cavab verməsi ölkə başçısı üçün də prioritet məsələdir. Qarabağın yenidənqurulmasına, həmçinin Qarabağ Universitetinə diqqət və qayğı yüksək səviyyədədir”.
Törə Zeynallı Demokrat.az


