"Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Elmar Mirsalayev bildirib ki, ölkədəki sığorta agentlərinin həyat sığortasının satışı ilə bağlı təcrübəsi yoxdur. O, “Report”a açıqlamasında deyib ki, sığorta şirkətləri bu məhsulun satışı ilə bağlı agentlər üçün təlimlər təşkil edəcək və maarifləndirmə işləri aparacaq: “Bundan sonra onlar satışa başlayacaq. 3-5 aydan sonra artıq biz agentlərin necə aktiv fəaliyyət göstərməsinin nəticələri haqqında məlumat paylaşa bilərik", - deyə E.Mirsalayev qeyd edib.
Sığorta sahəsi üzrə ekspert İlkin İbrahimov Demokrat.az-a açıqlamasında bildirib ki, həyat sığortası barədə sığorta agentliklərinin maarifləndirilməsinə ehtiyac var:
“İki sığorta növü var – həyat sığortası və qeyri-həyat sığortası. Həyat sığortası bizim həyatımızla, insan orqanizminin fəaliyyətinin nə qədər sağlam olub-olmaması ilə bağlıdır. Orqanlar fəaliyyətini dayandırdıqda sığorta məbləği ödənir. Ölüm halında isə maksimim sığorta kompensasiyası tətbiq edilir. Həyat sığortası həm də əmək qabiliyyətinin itirildiyi vaxtlarda tətbiq edilir.
Sığorta agentliklərinə həyat sığortası ilə bağlı təlimlər keçirilməlidir. Əvvəllər sığorta şirkətlərinin öz işçiləri bu məsələ ilə bağlı birbaşa ya vətəndaşlarla, ya da korporativ hüquqi şəxslərlə təmasda olurdular. Ona görə də bununla bağlı satış təcrübəsi azdır”.
Törə Zeynallı Demokrat.az


