Sosial Özəl

"Abituriyentlərin çoxu ikinci cəhddə iştirak etmək istəyir" — Təhsil eksperti

Abituriyentlərin çoxu ikinci cəhddə iştirak etmək istəyir — Təhsil eksperti

Universitetlərə qəbul imtahanları davam edir. İyulda imtahanların ikinci cəhdi keçiriləcək. Bu periodda abituriyentlər də, valideynlər də həyəcanlıdırlar. Bu həyəcanı dəf etmək üçün imtahanda abituriyentlər nələrə diqqət etməlidirlər.

Təhsil eksperti Adil Vəliyev bununla bağlı abituriyentlərlə öz tövsiyələrini Demokrat.az-a açıqlamasında bölüşüb.

O deyib ki, artıq abituryentlər sual kitabçasında işarələdikləri cavablara görə topladıqları balı təxmin edə bilirlər:

“Abituriyentlər cavab kartında sürüşdürmə və ya hansısa digər neqativ hal olmayıbsa, imtahanların ikinci cəhdində iştirak edib-etməyəcəklərinə qərar verəcəklər. Bir çox abituriyent ikinci cəhddə iştirak etmək istəyir. Əgər birinci cəhddə balları aşağı olubsa, ikinci dəfə bəzi nüanslara diqqət etməlidirlər.

Nəzərə alsaq ki, vaxt azdır, abituriyentlər bir az da səbr edib öyrəndiklərini bir daha təkrarlamalıdırlar. İlk cəhddə olan həyəcan, stress çalışmaq lazımdır ki, ikinci dəfə artıq imtahan prosesinə təsir etməsin. Abituriyentlər artıq dəqiqləşdirməlidirlər ki, alt qrup, yoxsa, üst qrup fənlərini təkrar etsələr, hansından daha yüksək bal toplaya bilərlər”.

Ekspert bildirib ki, bu vaxt ərzində valideynlər də övladlarının yanında olmalıdırlar:

“Birinci imtahanın nəticəsi yüksək deyilsə də valideyn qətiyyən övladını sıxışdırmamalıdır. İllərdir abituriyentlər universitetə qəbul olmaq üçün hazırlaşıblar, artıq sonuncu mərhələdir. Nəticənin daha da yüksək olması üçün valideynlər dəstək göstərməlidirlər.

İmtahanlarda hər zaman şagirdlərə, abituriyentlərə verdiyimiz məsləhətlər var. Əvvəla, sualları cavablamağa başlayarkən birinci ən yaxşı bildikləri fəndən başlamaq lazımdır. Bu, bir növ abituriyentdə özünə əminlik yaradacaq, digər fənlərdən sualları cavablamağa da motivasiya olacaq.

Yaxşı bilmədiyi fəndən başladıqda abituriyent həyəcanlana bilər, nəticədə cavab kartında variantları sürüşdürə də bilər, bildiklərini də unudar. Cavabları cavab kartına köçürərkən əvvəlcə karandaşla kiçik nöqtələr şəklində qeyd aparmaq, sonda cavabları bir daha dəqiqləşdirib qələmlə dairənin içini tam doldurmaq lazımdır”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az